Ötən ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğraması zamanı şəhid olan Hökumə Əliyevanın anasının sosial şəbəkələrdə yayılan fotosu müzakirələrə səbəb olub.
Kriminal.az xəbər verir ki, buna səbəb isə anasının qarşısında H.Əliyevanın fotosu olan tortun qoyulmasıdır.
Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin tənqid edilib. Qeyd olunub ki, tortun üzərinə şəhidin fotosunun yerləşdirilməsi onun ruhuna, eləcə də ailəsinə hörmətsizlikdir.
Fotonun 8 avqustda H.Əliyevanın ev muzeyinin açılışı zamanı çəkildiyi bildirilib. Sözügedən fotoda şəhidin anasından arxada AZAL əməkdaşlarının dayandığı görünür. Buna görə də, AZAL tənqidlərin hədəfi olub.
AZAL-dan bildirilib ki, sözügedən tədbirin təşkilatçısı AZAL deyil, tortu onlar sifariş verməyib və qurum dəvət edilmiş heyətlə yalnız qonaq kimi tədbirdə iştirak edib.
Hökumə Əliyevanın atası Cəlil Əliyev Kriminal.az -a açıqlamasında sözügedən tortu özlərinin sifariş etdiyini söyləyib.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-i Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.
Billurə Yunus