Əvvəlki illərlə müqayisədə bu yay rayonlardan Bakıya gələnlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Halbuki ötən illərdə yay tətili müddətində paytaxtda insan sıxlığı nisbətən azalırdı.
Kriminal.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən sosioloq Sahib Altay bildirib ki, yay aylarında paytaxt sakinləri istirahət üçün rayonlara üz tutduğu kimi, bölgələrdə, xüsusilə kəndlərdə yaşayan insanlar da Bakıya gəlməyə üstünlük verirlər:
"Bakı, Azərbaycanda həm şəhər statusuna, həm də müasir şəhər görüntüsünə sahib yeganə məkandır.
Rayon və kənd sakinlərinin paytaxtı görmək, gəzmək arzusu hər zaman olub. Digər mühüm amil isə dənizdir – yay mövsümündə insanların burada toplaşmasının əsas səbəblərindən biri də məhz budur. Bu səbəbdən yay aylarında paytaxtda sıxlıq artır”, - deyə sosioloq bildirib.
Sosioloqun sözlərinə görə, digər fəsillərdə Bakıya gələn, lakin paytaxtın sıxlığına dözə bilməyən bir çox insan geri qayıdır:
"Artıq Bakı yaşaması çətin bir şəhərə çevrilib. İnsan sıxlığı ciddi problemlər yaradır. Yaxın gələcəkdə bu vəziyyətdən çıxış yolu bölgələrdə infrastrukturun inkişaf etdirilməsi ola bilər”, - deyə o, bildirib.