18 yaşlı gənc iki ölkə arasındakı ərazidə yeni dövlət yaradıb.
Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, dövləti 18 yaşlı Daniel Cekson yaradıb. O, bu ideyanı əvvəlcə dostları ilə öz aralarında əylənmək üçün ortaya atsa da, sonradan vəziyyət bir qədər ciddiləşib.
“Roblox”da virtual dünyalar dizayn edən gəncin rəqəmsal dizayner kimi başlayan bu səyahəti onun sahibsiz bir torpaq parçasının dövlət başçısı olmasına gətirib çıxarıb.
Belə ki, Daniel 2019-cu ildə Xorvatiya və Serbiya arasında yerləşən və heç bir dövlətin mülkü hesab edilməyən meşəlik ərazidə respublika yaratmağa qərar verib.
O, “Pocket Three” adlanan 125 hektarlıq ərazidə 2019-cu ildə dövlət yaratdığını elan edib.
Verdis Azad Respublikasının rəsmi dilləri ingilis, xorvat və serb dilləri, pul vahidi isə avrodur.
Verdisə çatmaq istəyənlər Osijekdən qayıqla səyahət etməlidirlər, çünki ölkənin quruya çıxışı yoxdur. Lakin bu, praktiki olaraq mümkün deyil. Xorvatiya hakimiyyəti 2023-cü ildə Ceksonu və bir neçə Verdis vətəndaşını qeyri-qanuni girişə görə deportasiya edib. Daniel Ceksona hətta ömürlük Xorvatiyaya giriş qadağan edilib.
Verdis öz pasportunu versə də, beynəlxalq səviyyədə tanınmır. Cekson iddia edir ki, bəzi vətəndaşlar onunla xaricə səyahət etməyə cəhd ediblər, bəziləri isə buna nail olub, rəsmi tanınma yoxdur. Cekson ölkəsini uzaqdan idarə etməyə davam edir.
Ceksonun sözlərinə görə, Xorvatiya Verdisə qarşı çox sərt mövqe tutub.
Xorvatiya sahil mühafizəsi Verdis ərazisinin yerləşdiyi ərazidə müşahidə aparmağa başlayıb və nəticədə Verdisə girişi demək olar ki, qeyri-mümkün edib. Serbiya isə daha yumşaq mövqe nümayiş etdirib.
Cekson görüşlər üçün tez-tez Belqrada gedir və Serbiya rəsmilərinin ən azı onu dinləməyə hazır olduğunu bildirir. Verdisin hələ heç bir ölkə tərəfindən tanınmamasına baxmayaraq, Cekson diplomatik münasibətlər qurmağa hazır olduqlarını açıq şəkildə deyir.
Əvvəlcə cəmi 4 nəfərdən ibarət olan Azad Verdis Respublikasında indi vətəndaşların sayı 400-ə çatıb. Qısa zamanda bu ölkənin vətəndaşı olmaq üçün 15 mindən çox insan ərizə ilə müraciət edib, lakin onlardan 400-ü seçilib.
Ceksonun fikrincə, yalnız müəyyən peşələrə malik insanlar vətəndaş ola bilər; həkimlərə, polis məmurlarına və ya ixtisaslaşdırılmış şəxslərə üstünlük verilir.
Hal-hazırda Verdisin qurucu lideri olmasına baxmayaraq, Daniel Jackson hakimiyyəti əldə etmək niyyətində olmadığını vurğulayıb. O deyir ki, əgər Verdis nə vaxtsa rəsmən tanınarsa, o, istefa verəcək və demokratik seçkilər keçirəcək.
Daniel həmçinin bildirir ki, onun məqsədi prezident olmaq deyil, bir xəyalı gerçəkləşdirməkdir.
Billurə Yunus