kriminal.az
Ölkəsini cənnətə çevirdi, xeyirxah diktator adlandırıldı, qətliamdan son anda qurtuldu - Li Kuan Yu kimdir? - VİDEO

“Məni tez-tez vətəndaşların şəxsi həyatına qarışmaqda ittiham edirlər. Etməsəydim, bu gün burada olmazdıq".

Kriminal.az xəbər verir ki, bu sözlər Sinqapurda 31 il hakimiyyətdə olmuş baş nazir Li Kuan Yuya aiddir. 

Onun haqqında maraqlı faktları təqdim edirik:

O, 1923-cü ildə Sinqapurda yaşayan çinli ailədə doğulub. Həmin dövrdə Sinqapur Britaniya imperiyasının bir parçası idi. Ana dili ingiliscə olan Li Kuan Yu malay, tamil və yapon dillərini də bilirdi.
Sinqapurda məktəbə bitirdikdən sonra London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə daxil olub, daha sonra Kembricdə hüquq dərəcəsi qazanıb.

O, sosialist idi. İngiltərədə işə qəbul olsa da, Sinqapura qayıdır.

1942-ci ildə yaponlar Sinqapuru ələ keçirdikdən sonra kütləvi “Suk Çinq” qətliamına başlamışdı. Bu əməliyyat çərçivəsində Siqapurda yaşayan çinlilər toplanaraq öldürülürdü. Li Kuan da həmin çinlilər arasında idi. O, paltarlarını yığmaq bəhanəsi ilə icazə alaraq ərazidən çıxır və sağ qalmağı bacarır. 

İngilislərin Sinqapuru öz mənfəətləri üçün idarə etdiyini düşünən Li Kuan 1950-ci ildən aktiv siyasətə qoşulur və müstəmləkəçiliyə qarşı çıxışlar etməyə başlayır.

Faəliyyətinə hüquqşünas olaraq başlayan Li Britaniya hakimiyyət orqanlarına qarşı əlliyə yaxın birlik və assosiasiyaları təmsil edirdi. O, qalib gəldiyi məhkəmə çəkişmələri sayəsində britaniya hakimiyyətinə qarşı hərəkatın qabaqcıl liderinə çevrilmişdi.

1954-cü ildə onunla eyni ideologiyada olan dostları ilə birləşərək Xalq Fəaliyyəti Partiyasını yaradır. İlk seçkilərdə partiya uğur qazanır, 1959-cu ildən baş nazir postuna seçilir.
Linin hakimiyyətə gəldiyi ilk illərdə ölkədə iqtisadi durğunluq yaşanırdı. Bunun səbəbi isə qərbli biznesmenlərin hökumətin müstəmləkə əleyhinə olan mövqeyindən qorxaraq geri çəkilməsi idi.
Həmin vaxtlar “sarı mədəniyyət” əleyhinə kampaniya başladan Li musiqi qutularını, kiker aparatlarını qadağan etmişdi. Polis barlara və pornoqrafik nəşrlərə basqın edirdi. Hökumət gizli cəmiyyətlər əxlaqsızlıq yuvaları və digər qeyri-qanuni fəaliyyətlərə qarşı sərt tədbirlər görürdü.

Bu addımlardan sonra “Taym” jurnalı Sinqapurda ilk dəfə bir həftə ərzində qaçırılma, şantaj və ya qruplaşmalar arasında silahlı qarşıdurmalar olmadığını yazmışdı.

Li həmçinin şəhəri təmizləmək üçün “səfərbərlik kampaniyası” elan edir. Dövlət idarələrinə kondisioner qoşdurur və məmurların maaşlarını azaldır.

1960-cı ildə sosial tikililərə də nəzarət etməyə başlayır. Cəmi 3 il ərzində əvvəlki hakimiyyətin 32 ildə görmədiyi nəticəni əldə edir.
İctimai xidmətlər, səhiyyə və təhsil üçün dövlət tərəfindən ayrılan ödənişlər əhəmiyyətli dərəcədə artırılır.

Ancaq ilin sonunda iqtisadiyyatın yavaşlaması işsizliyə səbəb olur. Honqkonqla rəqabət etmək istəyən Li adanın qərbindəki bataqlığı sənaye bölgəsinə çevirir və burada zavodlar açır.

1963-cü ildə Malayziya Federasiyasına qoşulan Sinqapur 2 il sonra bu ölkədən ayrılır və müstəqil dövlət olur.

Bundan sonra Li öz yerinə heç kimi təyin etmir və dağın başında yerləşən daxmada 6 həftə tək vaxt keçirir. Xatirələrində Li həmin dövrdə yuxusuzluqdan əziyyət çəkdiyini yazırdı.
Geri qayıdan Li elə həmin ildən Sinqapurun BMT-yə qoşulmasına müvəffəq olur. Bir sıra sərt qanunlarına görə Kuan Yunu “xeyirxah dikator" adlandırırdılar.

“İndependent” qəzetinin yazarı Peter Popham Lini “ən uğurlu siyasi fürsətçilərdən biri” hesab edirdi. 
Li Kuan xarici investorları cəlb etməyi bacarmışdı. 70-ci illərdə Sinqapura sərmayə qoyan böyük şirkətlər sayəsində bu ölkə artıq elektronika ixracatçısına çevrilmişdi.
O, korrupsiya ilə mübarizə çərçivəsində saxlama, axtarış aparılması, şahidlərin çağırılması, bank hesablarının və şübhəlilərin, eləcə də onların ailə üzvlərinin vergi qeydlərinin yoxlanmasına icazə verən  qanun alyihəsi hazırlamışdı.

Li düşünürdü ki, təmiz bir hakimiyyətin davamlı olması üçün nazirlər yaxşı maaş almalıdır.
Çox sayda universitet məzunu olan qadının evlənməməsinəndən narahat olan siyasətçi 1983-cü ildə yüksək təhsilli kişiləri özləri kimi təhsilli qadınlarla evlənməyə təşviq edirdi.

O hətta narazılıqla qarşılanmasına baxmayaraq kişi və qadın məzunların görüşünü asanlaşdırmaq üçün agentlik də yaratmışdı.

Sinqapurun qurucusu sonrakı illərdə 3-4 uşağı olan təhsilli analara vergi güzəştləri, təhsil və mənzil imtiyazları təklif edirdi. 
Sinqapur su ehtiyacını Malayziyadan qarşılayırdı. Bu asılılığa görə mayaziyalı rəsmilər tez-tez onları suyu kəsməklə hədələyirdi. 1974-cü ildə problemin həlli üçün Li təkrar emal edilmiş suyun istifadəsi ilə bağlı təcrübələrə başlayır və Sinqapur 2010-cu illərin ortalarına qədər özünü su ilə təmin etməyə nail olur.

Seçkilərdə partiyasının 7 dəfə qalibiyyətindən sonra 1990-cı ildə istefa verib və yerinə Qoh Çok Tonqu təyin edib. Li Kuan 2 il partiyada çox da əhəmiyyətli olmayan vəzifə tutur, 1992-ci ildən isə siyasətdən gedir.

O, dünyanın ən uzun müddət hakimiyyətdə olan və demokratik yolla seçilmiş liderlərindən biridir. Xeyirxah diktator 2015-ci ildə 91 yaşında pnevmaniyadan ölüb.

Dünyanın ən kiçik 20 ölkəsindən biri olan Sinqapur hazırda adambaşına düşən ən yüksək gəlirin olduğu ölkələrdən birinə çevrilib.

O, müsahibələrinin birində belə demişdi:

“Məni tez-tez vətəndaşların şəxsi həyatına qarışmaqda ittiham edirlər. Etməsəydim, bu gün burada olmazdıq. Ən kiçik peşmançılıq hissi olmadan deyirəm ki, qonşunuz kim olmasına, necə yaşamağınıza, necə tüpürdüyünüzə və s. müdaxilə etməsəydik, irəliləyiş əldə edə bilməzdik. Nəyin doğru olduğuna biz qərar veririk. İnsanların nə düşündüyünə əhəmiyyət verməyin”.

Billurə Yunus

Top
0.059921979904175