“Vaşinqtonda istər İrəvanla Bakı arasında sülh sazişin paraflanması, istərsə də Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında imzalanan üştərəfli Bəyannamə ölkəmizin İkinci Qarabağ müharibəsindən sonra diplomatik müstəvidə də qələbəsinin təntənəsinin nəticəsidir. Belə ki, savaşda əldə edilən zəfərin Azərbaycanın şərtləri daxilində beynəlxalq hüquq müstəvisində beynəlxalq aləm tərəfindən qəbul edilməsi idi”.
Bunu Kriminal.az -a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O bildirib ki, Vaşinqtonda imzalanan sənədlər regional sülh, sabitliklə bərabər, qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir: “Vaşinqton anlaşmasını biz Azərbaycanın İkinci Qarabağ savaşından sonra Cənubi Qafqazda yaratdığı reallığın məntiqi davamı kimi dəyərləndirə bilərik. İkinci Qarabağ savaşından sonra yaranan reallıq bölgədə sülhün, sabitliyin, əməkdşalıq formatlarının yollarının tapılmasına xidmət etdi və Prezident İlham Əliyevin yürütdüyü çevik, qətiyyətli diplomatiya nəticəsində beynəlxalq aləmdə çox mürəkkəb olan belə bir münaqişənin sülh yolu ilə həlli istiqamətində müsbət nəticələr əldə edildi. Dövlət başçımız göstərdi ki, istək olarsa, ən mürəkkəb münaqişələrin belə sülh yolu ilə həlli mümkündür və bunu bacarmaqla Cənubi Qafqazda sülhün memarı olduğunu dünyaya sübut etdi. Bu hadisə dünyaya bir nümunə olacaq və ciddi siyasi və beyin mərkəzləri tərəfindən öyrəniləcək”.
O əlavə edib ki, Vaşinqton anlaşmasından sonra Cənubi Qafqazda tamamilə yeni bir geosiyasi reallıqların başlanğıcı qoyulmuş oldu. “Yeni geosiyasi reallıq bölgədə dayanıqlı sülhü, sabitliyi, əməkdaşlığı və təhlükəsizliyi təmin edəcək. Bu reallıq eyni zamanda Mərkəzi Avrasiyanın geniş bir coğrafiyasında yeni əməkdaşlıqlar münasibətinin yaranmasına gətirib çıxaracaq. Ən mühüm cəhəti isə Türk dünyasının siyasi, iqtisadi güc kimi ortaya çıxmasına ciddi təkan verəcək. Bir sözlə, Vaşinqton anlaşması təkcə Ermənistanla Azərbaycan üçün deyil. Eyni zamanda daha geniş coğrafiyanın inkişafı üçün yeni fürsətlər və imkanlar yaradacaq. Bu da bir daha qeyd edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü müdrik diplomatiyası nəticəsində olub.
Bu həm cənab Prezident İlham Əliyevin dünya səviyyəli lider olması, həm də Azərbaycanın dünyada ciddi oyunçu kimi qəbul edilməsinin nümunəsidir”.
Mürtəza