kriminal.az
Oğurladığı itlə gəzməyə getdi: 25 günlük həbs edildi

Oğurladığı iti Bakı Beynəlxalq Avtovağzal Kompleksində gəzintiyə aparan şəxs həbs edilib.

Kriminal.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, saxlanılan 1988-ci il təvəllüdlü F.Q. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, 2025-ci il avqustun 6-da zərərçəkmiş C.H. iti gəzdirmək üçün əraziyə çıxarıb və naməlum şəraitdə heyvan oğurlanıb. Təqsirləndirilən şəxs isə bildirib ki, gecə saatlarında özünə məxsus olan iti gəzdirən zaman Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji nəzarət postunun yanından keçərkən bir itin dəmir dirəyə bağlandığını görüb. Bazar dəyəri 450 manat olan "Malinka" cinsli iti götürərək yaşadığı evə aparıb.

Həmin günün səhəri itlə birlikdə avtovağzalın ərazisində yerləşən gül mağazasında olan zaman zərərçəkən ona yaxınlaşaraq, heyvanın ona məxsus olduğunu bildirib. F.Q. könüllü şəkildə iti sahibinə vermədiyi üçün hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları çağırılıblar və təqsirləndirilən şəxs saxlanılıb.

Məhkəmənin hökmü ilə F.Q. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 25 günlük həbs edilib.

Top
0.059761047363281