Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-iyulunda pərakəndə ticarət dövriyyəsi 35,1 milyard manat olub: 19,3 milyard manatı ərzaq, içki və tütün məmulatlarına, 15,8 milyard manatı isə qeyri-ərzaq mallarına xərclənib.
Xərclərin 50,5%-i ərzağa, 4,4%-i içki və tütünə, 12,7%-i geyim və ayaqqabıya, 6%-i yanacağa, 4,7%-i məişət texnikası və mebelə, 2,5%-i dərman və tibbi ləvazimata, 1,2%-i kompüter və çap məhsullarına, 18%-i isə digər mallara gedib.
Maraqlıdır, əhalinin yarıdan çoxunun xərclərinin ərzağa getməsi nədən xəbər verir?
Mövzu ilə bağlı Kriminal.az -a danışan sosioloq Elçin Bayramlının sözlərinə görə, uzun müddətdir ki, bizdə bu göstərici belədir:
"Dünya praktikasında, normal ölkələrdə belə qəbul olunur ki, əhalinin gəlirinin maksimum 20–25 faizi ərzağa xərclənə bilər. Ümumi dünya üzrə yoxsul ölkələri də nəzərə alsaq, 35 faizdən yuxarı ərzağa xərclənirsə, bu, aşağı gəlirli insanların sayından xəbər verir.
Bizdə 50 faizdən də yuxarıdır. Birincisi, sosial təbəqələr arasında uçurum aradan qaldırılmalıdır. İkincisi, əhalinin minimal sosial təminatları təmin olunmalıdır.
Azərbaycanda yenidən sosial islahatlar keçirilməlidir. Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında fərqlər başqa cür qurulmalıdır. Sosial xərclər artırılmalıdır. Ölkədə iş mühiti, biznes mühiti inkişaf etdirilməlidir. İnsanların gəlir yerləri təmin olunmalıdır".
Mövzunun iqtisadi baxımdan tərəfini də öyrəndik. İqtisadçı ekspert Eldəniz Əmirov Kriminal.az -a açıqlamasında bildirdi ki, ümumiyyətlə, əhali gəlirlərinin ərzaq və qeyri-ərzaq məhsullarına bölgüsü yüksək inkişaf etmiş, orta gəlirli və ya az inkişaf etmiş, eyni zamanda, kasıb, lap kasıb ölkələrdə dörd qrupa bölünür:
"Bunlardan birinci qrupa, yəni yüksək gəlirli ölkələrə baxdıqda görürük ki, artım dinamikası, məsələn, 7–8 faiz ətrafında dəyişir. Məsələn, Avstraliyada bu göstərici 10 faiz, Kanadada 9 faiz, Sinqapurda 7 faiz, ABŞ-də isə 6,4–6,5 faiz civarındadır ki, bu da gəlirlərin ərzağa yönələn hissəsidir.
Amma inkişaf etməkdə olan ölkələrdə orta gəlirli ölkələrdə isə bu göstərici 30 faiz ətrafında olur, Məsələn, Hindistanda 32 faizdir. Aşağı gəlirli ölkələrdə isə bu faiz göstəricisi 56-57 faizdən yuxarı başlayır. Kasıb qruplarda isə bu 70-80 faizdən yuxarıdır.
İqtisadiyyatda Engel qanunu var. Ernst Engel 1857-ci ildə bir iqtisadi prinsip irəli sürür. O, sübut edir ki, gəlirlər artdıqca ərzağa xərclənən pay azalır. Qeyri-ərzaq və xidmət xərcləri isə artır. Yəni buna görə də məsələn, gəlirin azlığı şəraitində avtomatik ərzağın payı artır. Çünki ərzaq qəbulu müəyyən bir ölçüdə olur, qeyri-ərzaq isə ölçüsüzdür".
Həmidə İbrahimova