Madrid "Real"ının yeni baş məşqçisi Xabi Alonso komandanın veteran futbolçusu Luka Modriçin taleyi ilə bağlı qərar verib.
Kriminal.az Offsideplus.az-a istinadən xəbər verir ki, 39 yaşlı xorvatiyalı yarımüdafiəçinin "Kral klubu" ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatır.
Modriç yeni müqavilə bağlamaq niyyətində olsa da, hər şey baş məşqçi və rəhbərliyin əlindədir.
Radio Marca-nın yaydığı məlumata görə, Xabi Alonso artıq xorvatiyalını heyətdə saxlamaq üçün rəhbərliyə müraciət edib. İspan çalışdırıcı Modriçi növbəti mövsüm üçün öz komandasında görmək istəyir, çünki onun oyunu yeni taktiki sxemə tam uyğun gəlir.
Bildirilir ki, Modriç "Real"da qalmaqdan ötrü hətta maaşının azaldılmasına razıdır.
Onu da əlavə edək ki, bu il sentyabrın 9-da 40 yaşını tamamlayacaq futbolçu 2012-ci ildən "Real"ın şərəfini qoruyur. O, bu müddət ərzində Madrid təmsilçisinin heyətində 589 oyun keçirib, 43 qol vurub və 94 məhsuldar ötürmə verib.