Azərbaycanın Fransadakı səfirliyi vətəndaşlar Məhəmməd Quliyev və Gültac Abdullayevanın üzləşdiyi vəziyyətlə bağlı məlumat yayıb.
Kriminal.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olur.
"Azərbaycan Respublikasının vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın iki övladı ilə birlikdə yaşadıqları Almaniya ərazisini tərk edərək Fransa üzərindən Azərbaycana gedərkən üzləşdikləri vəziyyət barədə məlumat səfirliyə daxil olan gündən konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olurlar.
İyulun 7-də səfirliyin qaynar xəttinə edilmiş müraciət əsasında, Azərbaycan Respublikası vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın iki övladı üçün səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib.
Avqustun 6-da Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti sığınacağa yerləşdirilib.
Fransa polisinin bu addımı, Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırılıb.
Hazırda Fransada yerli hakim tərəfindən məsələyə baxılması və Almaniya məhkəməsinin qərarı ilə bağlı müəyyən nəticəyə gəlinməsi gözlənilir. Bu müddət ərzində valideynlər uşaqlar ilə görüş imkanı əldə ediblər.
AR-in Fransadakı səfirliyi məsələ ilə bağlı qarşı tərəfin müvafiq qurumları ilə görüşlər keçirir və müvafiq əlaqələndirməni təmin edir. Səfirlik, habelə AR-in Diasporla İş üzrə Dövlət Komitəsi vətəndaşların Fransa ərazisində müvəqqəti qalması məsələsində onlara yardım göstərir. Məsələ tərəfimizdən nəzarətdə saxlanılır", - deyə səfirliyin məlumatında vurğulanıb.