kriminal.az
Bu, Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması üçün qanuni platforma rolunu oynayır - Deputat

“Azərbaycanın çağdaş siyasi və diplomatik gündəliyinin əsas prioritetləri sırasında Qərbi Azərbaycana dinc yolla təhlükəsiz şəkildə qayıdış xüsusi yeri tutur. Bu fundamental problemin həlli üçün beynəlxalq hüquqi əsaslandırma müstəsna əhəmiyyətə malikdir”.

Kriminal.az xəbər verir ki, bunu deputat Nizami Səfərov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq hüququ rəhbər tutaraq, BMT-nin nizamnaməsində təsbit edilən prinsiplərə sadiqliyini nümayiş etdirir və tarixi boyu heç bir dövlətə qarşı ərazi iddiaları irəli sürməyib: “Bu mənada qayıdış məsələsinin hər hansı bir ərazi iddiası ilə ümumiyyətlə heç bir bağlantısı yoxdur və ola da bilməz.

İkinci prinsipial məqam ondan ibarətdir ki, 1918-ci ildən başlayaraq, dəfələrlə və sonuncu dəfə 1987-1991-ci illərdə Ermənistanın etnik təmizləmə siyasətinin qurbanları olan insanlar və onların varisləri qəriyə dönmə təməl hüququndar istifadə etməlidirlər.

Etnik təmizləmələr, deportasiyalar və azərbaycan əhalisinin qeyri-qanuni transferləri zaman faktorundan asılı olmayaraq, beynəlxalq hüququn hamılıqla tanınan prinsiplərinə əsasən soyqırım və insanlıq əlehinə cinayətlərın tərkib elementidir və bu cinayətlərin qurbanlarına nəinki geriyə dönmək hüququ, həmçinin kompensasiya almaq hüququ təmin edilir və bu qəbildən olan məsələlər BMT-nin Beynəlxalq hüquq komissiyası tərəfindən birinci oxunuşda qəbul etdiyi "Beynəlxalq hüquqa zidd əməllərə görə dövlətlərin məsuliyyəti haqqında" maddələr layihəsində əksini tapıb.

Üçüncü fundamental məqam ondan ibarətdir indiki Ermənistan ərazisindən zorla çıxarılmış və əsrlər boyu burada yaşamış azərbaycanlılar ermənilərdən fərqli olaraq, de-fakto və de-yure yerli xalq statusuna malikdir. Xatırlatmaq istərdim ki, BMT-nin Baş Assambleyasınən 13 sentyabr 2007-ci il tarixli Bəyannaməsinin 10-cu maddəsinə əsasən, “Yerli xalqlar öz torpaqlarından və ya ərazilərindən məcburi köçürülməyə məruz qala bilməzlər. Müvafiq yerli xalqların azad, əvvəlcədən əldə edilən razılığı olmadan heç bir yerdəyişmə həyata keçirilmir, bu yalnız ədalətli kompensasiyanı və geri qayıtama seçimini nəzərdə tutan razılaşmanın bağlanmasından sonra mümkün ola bilər." Beynəlxalq hüququn digər mühüm yanaşması qeyd edilən Bəyannamənin 8-ci maddəsində əksini taparaq, nəzərdə tutur ki, "yerli xalqların və onlara mənsub olan şəxslərin məcburi assimilyasiya və ya mədəniyyətlərinin məhv edilməsi məqsədi ilə təzyiqlərə məruz qalmama hüququ vardır".

Ermənistanın monoetnik dövlət guruculuğu konsepsiyasına rəğmən, azərbaycanlıların əsrlər boyu yaşadıqları və ənənəvi yaşayış mühitindən zorla ayrılan məkanlara sülh yolu ilə təhlükəsiz formada qayıtmaları beynəlxalq hüquqla müdafiə edilən yanaşmadır və universal xarakterli beynəlxalq razılaşmalar belə bir əhəmiyyətli prosesin həyata keçirilməsi üçün səmərli qanuni platforma rolunu oynayır”.

Mürtəza
Kriminal.az

Top
0.058365106582642