kriminal.az
Maaşı gec versələr, necə tələb edək?

Təcrübə onu göstərir ki, işəgötürənlər işçilərə qarşı tələbkar olsalar da, onların heç də hamısı əməkdaşları qarşısındakı öhdəliklərinə sadiq deyil. Burada əməkhaqlarının vaxtında ödənilməməsi xüsusi qeyd edilməlidir.

Kriminal.az -ın “Qafqazinfo”ya istinadən məlumatına görə, maaşın gecikməsi işləyənlərin kredit, kirayə, kommunal xidmətlər və digər ödənişlərinin vaxtında etmələrinə əngəl törədir. Bu da cərimələrə, kommunal xidmətlərin dayandırılması və s. çətinliklərə səbəb olur.   

Bəs işləyənlər gecikən əməkhaqlarını necə ala bilərlər?

Əmək Məcəlləsinə görə, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, 2 hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda 2 dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda 1 dəfədən az olmayan müddətdə verilməlidir. Lakin kollektiv müqavilədə və ya əmək müqaviləsində maaşın verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Həmçinin əməkhaqqının verilməsi günü qeyri-iş günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əməkhaqqını müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Həmçinin müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əməkhaqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. 

İşçiyə aylıq əməkhaqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Ödəncləri ödəməyə işəgötürənin maddi - maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir.

Əmək Məcəlləsinə görə, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Konstitusiya Məhkəməsinin müvafiq Qərarına görə isə “hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Yəni hər iki halda işçiyə gecikdirilmiş əməkhaqqında görə əlavə ödəniş edilməlidir.

Qanunvericiliyə görə, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər.

Ancaq təcrübədə hansısa işəgötürənin işçilərə gecikən maaşa görə ödənc verməsinə rast gəlmək çətindir. Eyni zamanda, maaşın gecikməsinə görə işəgötürənin məhkəməyə verilməsi ilə də az hallarda qarşılaşmaq olur. Buna əksər vaxt işçinin iş yerini itirməkdən ehtiyat etməsi əngəl törədir.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti isə bu günlərdə 2025-ci ilin yanvar-aprel ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 110 min manata yaxın vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edilməsi barədə məlumat yayıb. Qurum bəyan edib ki, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Vəsaitin əsas hissəsi - 88,9 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.

Bu fakt isə maaşın gec ödənilməsi zamanı məhkəməyə müraciət edilmədən də hüquqların bərpasının mümkün olması ilə bağlı təcrübə formalaşdırır.   

Top
0.059900999069214