kriminal.az
Ukrayna və Rumıniya XİN rəhbərləri nələri müzakirə edib?

Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə Kiyevdə səfərdə olan rumıniyalı həmkarı Oana-Silvia Çoyu Trans-Balkan dəhlizi ilə qaz nəqlinin şaxələndirilməsini müzakirə ediblər.

Kriminal.az xəbər verir ki, bu barədə nazirlərin birgə mətbuat açıqlamasında qeyd olunub.

"Bu gün biz qış qabağı enerji təhlükəsizliyinə də diqqət yetirdik. Trans-Balkan Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün şaxələndirilməsinin vacibliyini müzakirə etdik. Məhz bu dəhliz vasitəsilə Ukrayna bu yaxınlarda Azərbaycan qazını aldı və məhz bu infrastruktur Rusiyanın zərbələrinin hədəfinə çevrildi", - Sıbiha birgə mətbuat açıqlamasında deyib.

Sıbihanın sözlərinə görə, o, Çoyu ilə Ukrayna və Rumıniya liderlərinin bu il, nəhayət, ölkələrin strateji tərəfdaşlığa keçidini rəsmiləşdirməsi üçün əlindən gələni etməyə razılaşıb.

Xatırladaq ki, iyulun 28-də Ukraynanın “Naftogaz” şirkəti Azərbaycan Dövlət Neft Şirkətinə daxil olan “SOCAR Energy Ukraine” ilə Azərbaycan qazının alınmasına dair ilk müqavilə bağlayıb. Mavi yanacağın ilk sınaq tədarükü Trans-Balkan dəhlizi ilə Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu ilə həyata keçirilir.(Report)

Top
0.062994956970215