İsrailli arxeoloqlar Ölü dəniz yaxınlığında yerləşən mağarada təqribən 1900 il yaşı olan və yəhudi üsyançılar tərəfindən yazıldığı güman edilən qədim aramey dilində dörd sətirdən ibarət yazı aşkar ediblər.
Kriminal.az xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Tədqiqatçıların sözlərinə görə, yazı eramızın II əsrinə - Romaya qarşı baş vermiş Bar-Koxba üsyanı dövrünə aid ola bilər. Yazının ilk sətrində "Naburiyalı Abba öldü" sözləri açıq şəkildə oxunur. Digər üç sətrin yalnız bəzi söz və hərfləri deşifrə edilib. Onlar arasında "bizə qarşı”, "o götürdü” kimi ifadələr yer alır.
Arxeoloq Asaf Qayer bildirib ki, bu cür mətnli yazı nümunələri həmin dövr üçün olduqca nadirdir. Belə məzmunlu dörd sətirlik yazı demək olar ki, unikal hesab olunur. Yazı, əvvəllər də məlum olan bir mağarada – daha dəqiqi, oradakı stalaktitin aşağı hissəsində aşkar edilib. Həmin stalaktitdə daha əvvəl qədim ivrit əlifbası ilə yazılmış silinmiş mürəkkəb izləri müşahidə olunmuşdu.
Əraziyə səfər edən arxeoloqlar multispektral görüntüləmə vasitəsilə bu yazını daha dəqiq oxumaq məqsədilə gəliblər. Lakin onlar burada təkcə yeni bir aramey yazısı deyil, həm də əla vəziyyətdə qorunmuş dörd ədəd Roma qılıncı aşkar ediblər.
Arxeoloji kontekstə əsasən, yazı və qılıncların eyni dövrdə – eramızın 132–135-ci illərində Bar-Koxbanın rəhbərliyi ilə Romaya qarşı baş vermiş üsyan zamanı gizlədildiyi ehtimal edilir. Mütəxəssislər bildirirlər ki, qılınclar yəqin ki, romalı əsgərlərə məxsus olub və üsyançılar tərəfindən ya istifadə üçün, ya da tutulmamaq üçün gizlədilib. Dörd qılıncdan üçünün qınında olduğu müəyyən edilib.
Asaf Qayer qeyd edib ki, bölgənin yəhudi sakinlərinə həmin dövrdə silah gəzdirməyə icazə verilmirdi: "Ona görə düşünürük ki, bu silahlar gizlədilib. Mağara çox kiçikdir və burada yaşayış üçün əlverişli şərait olmayıb. Güman edirik ki, yəhudi üsyançılar buranı Roma əleyhinə hücumlar üçün dayaq nöqtəsi kimi istifadə ediblər".
Yazı kvadrat ivrit əlifbası ilə yazılıb – bu əlifba eramızdan əvvəl VI–III əsrlərdən etibarən yayılmağa başlayıb və sonradan aramey dilində geniş istifadə olunub. Bu əlifba bu gün də müasir ivritdə istifadə edilir.
Qayerin sözlərinə görə, dilin və yazı üslubunun xüsusiyyətləri yazının I və ya II əsrə aid olduğunu göstərir. Lakin yazı kiçik və zəif qorunmuş olduğundan onun dəqiq hansı üsyanla — birinci yəhudi üsyanı (70-ci il), aralıq dövr və ya Bar-Koxba üsyanı ilə bağlı olduğunu müəyyən etmək çətindir.
Lakin yazının Bar-Koxba dövrünə aid bir sikkə və qılınclara yaxın məsafədə aşkar olunması, onun da həmin dövrə aid olduğunu güclü ehtimalla təsdiqləyir.(qaynarinfo)