AFFA Misli Premyer Liqasının XXXIV turunda baş tutan "Kəpəz" - "Sumqayıt" matçı ilə bağlı cəzaları açıqlayıb.
Kriminal.az -ın məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Mayın 11-də baş tutan görüşün 89-cu dəqiqəsində "Sumqayıt”dan Rəşad Əzizli, "Kəpəz"dən isə Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün ikisi şərti olmaqla 4 oyunluq cəzalandırılıblar. Bununla yanaşı, həm Sumqayıt, həm də Gəncə təmsilçisi 3000 manat cərimələniblər. Hər iki oyunçuya 3 ay sınaq müddəti təyin edilib.
Bundan əlavə, “Kəpəz” 6 futbolçusunun sarı vərəqə almasına görə 700 manat, azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə 1000 manat ziyana düşüb. Oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə isə Gəncə klubu əlavə 1500 manat da ödəməli olacaq.
XXXIV turun “Sabah” – “Şamaxı” oyununda isə əsasnamənin tələbləri pozulduğu üçün meydan sahibləri 500 manat cərimələnib.