kriminal.az
"Onun müdaxiləsi olmasaydı, Azərbaycan adlı dövlət dünya xəritəsində olmazdı"

“Azərbaycanın hazırkı dayanıqlı inkişafı və hərtərəfli tərəqqisinin əsası xalqımızın Ümumilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş, gələcək inkişaf üçün möhkəm təməl yaradılmışdır. Vaxtilə Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın hazırkı inkişafı ancaq xəyal olaraq qalardı. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahədən danışanda dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin adı çəkilməsin”.

Kriminal.az xəbər verir ki, bunu deputat Aydın Hüseynov Milli Məclisin xüsusi iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, məhz onun ölkəmiz və xalqımız qarşısındakı misilsiz xidmətləri sayəsində müasir Azərbaycan dövləti qurulmuş, dövlətçiliyimizin siyasi, iqtisadi əsasları yaradılmış, ölkəmiz dünyada öz layiqli yerini tutub: “Təsadüfi deyildir ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi dövr müstəqilliyimizin əbədi və dönməz xarakter alması, dövlətçiliyimizin möhkəmlənməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuş, Heydər Əliyevə fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazandırmışdır.

Ulu Öndər bütün həyatı boyu Vətənimizin gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə, ölkəmizin hərtərəfli inkişafına bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirib: "...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir". Bu siyasi xətt - fəaliyyət prinsipi 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl Respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində o dövrdə Azərbaycanın tarixində böyük dönüş yaratdı”.

O əlavə edib ki, Azərbaycanın gələcək taleyinin müəyyən olunduğu belə bir ağır zamanda dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu: “Bu gün də tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə Ümummilli Liderin şəxsi müdaxiləsi, prisipiallığı olmasaydı, Azərbaycan adlı dövlət dünya xəritəsində olmazdı.

Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Azərbaycanın gələcək inkişafına istiqamətlənmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Müəyyən edilən uğurlu strateji siyasətin nəticəsidir ki, özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni və yüksək inkişaf mərhələsini yaşayır. 

Ulu Öndərin müəyyən etdiyi strateji inkişafa xidmət edən siyasət cənab Prezident İlham Əliyev  tərəfindən layiiqncə davam etdirilir. Məhz cənab Prezident İlham Əliyevin Ulu Öndərin müəyyən etdiyi strateji siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyada möhtəşəm qələbələrə imza atıb və atmaqda davam edir. Azərbaycan beynəlxalq münasibətlər sistemində artıq ciddi oyunçu kimi qəbul edilir. Bu da Azərbaycanın qarşısında duran hədəflərə nail olmağa imkan verir”.

Mürtəza
Kriminal.az

Top
0.056012868881226