Türkiyədə gənc qız 23 il sonra gülümsəyə bilib.
Kriminal.az bu barədə "Haber Global"a istinadla xəbər verir.
Bildirilir ki, nadir rast gəlinən və mimikaların istifadəsinə imkan verməyən moebius sindromu ilə dünyaya gələn 23 yaşlı Kübra Nur Sevgi İstanbulda həyata keçirilən uğurlu əməliyyat nəticəsində buna nail ola bilib.
İstanbulda yaşayan gənc mühəndis gülümsəmə, qaşqabaq tökmə, gözlərini qıyma və ya göz qırpma kimi üz mimikalarını iflic edən moebius sindromu ilə doğulub. Uzun illər boyu mimikasız həyat sürdüyünü deyən Sevgi, bu müddət ərzində bir çox həkimə müraciət etdiyini, lakin müalicə oluna bilmədiyini bildirib.
"Doğulduğumdan bəri üz mimikalarımı hərəkət etdirə bilmirdim. İlk dəfə gülümsədiyimi görəndə davamlı olaraq güzgülərə baxmağa başladım. Artıq 23 yaşımda gülümsəyə bilirəm. Heç kim ümidsiz olmasın", - deyə Kübra Nur Sevgi əməliyyatla bağlı hisslərini bölüşüb.
Həkimlər isə xəstənin üzünü güldürməyin onların da üzünü güldürdüyünü, çox sevincli olduqlarını bildiriblər.