kriminal.az
Hacıyevin mesajı: Türkiyədə Bakını hədəf alanlar kimlərdir?

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Türkiyə mətbuatı və ictimaiyyəti ilə bağlı açıqlamaları böyük maraqla qarşılanıb. Onun Azərbaycan-İsrail münasibətlərinin Türkiyə KİV-də fərqli yöndə dəyərləndirilməsinin Bakını məyus etdiyinə dair sözləri və haqlı etirazı ictimaiyyətdə təqdir edilib.

Kriminal.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, Türkiyə mediasında Azərbaycana qarşı dezinformasiyaya əsaslanan belə kampaniyalar təkcə məlumatsızlıqdan qaynaqlanmır, həm də məqsədli şəkildə edilir:

“Bunu edənləri bir neçə kateqoriyaya ayırmaq olar. Bura radikal dini qruplar və onların bağlı olduğu mərkəzlər, eləcə də Azərbaycan-Türkiyə münasibətlərini pozmağa çalışan ölkələr daxildir.

Hikmət Hacıyevin səsləndirdiyi fikirlər Türkiyə media cameəsini, həm də ictimaiyyətini məlumatlandırmaq baxımından kifayət qədər əsaslı idi. İndi məsələ bundan sonra hansı addımların atılmasıdır. Prezidentin köməkçisi Azərbaycanın rəsmi mövqeyini təqdim etdi, bundan sonra əsas iş Azərbaycan mediasının üzərinə düşür. Media bu cür dezinformasiyalara qarşı mübarizəni gücləndirməlidir.

Azərbaycandan müxtəlif jurnalistlər və analitiklər fərdi qaydada Türkiyə mediasında çıxışlar edir, hərçənd bu pərakəndə işlə nəticə əldə etmək, qardaş ölkədə məqsədli şəkildə yaradılan yanlış rəyi dəyişdirmək asan deyil. Bu baxımdan, Türkiyə və Azərbaycanın media sahəsindən məsul olan qurumlarının koordinasiyası ilə azərbaycanlı jurnalistlərin və analitiklərin bu ölkənin mediasına çıxışı təmin edilərsə, ikitərəfli münasibətlərimizi hədəfə alan dezinformasiyara qarşı mübarizəni effektiv şəkildə həyata keçirmək olar”.

Top
0.060569047927856