Yer kürəsində növbəti 24 saat ərzində güclü, qırmızı səviyyəli maqnit qasırğası gözlənilir.
Kriminal.az milli.az-a istinadən xəbər verir ki, bu barədə "Space Weather Prediction Center" məlumat yayıb.
Qasırğanın intensivliyi bir çox insanın sağlamlıq vəziyyətinə mənfi təsir göstərə, eləcə də rabitə və peyk sistemlərində nasazlıqlara səbəb ola bilər.
Qasırğa haqqında nə məlumdur?
Güclü maqnit qasırğası 2025-ci il mayın 9-u, cümə günü Yer kürəsinə çatacaq. Qasırğa K-indeksi 5 olan qırmızı səviyyəyə qədər yüksələcək. Hava şəraitinə qarşı həssas insanlar onun təsirini artıq mayın 8-i, axşam saatlarından etibarən hiss etməyə başlayacaqlar. Belə təbii hadisələr baş ağrısı, yorğunluq və ümumi narahatlıq hissinə səbəb ola bilər.
Eyni zamanda, bu səviyyədəki maqnit qasırğaları radio, mobil rabitə, peyk və GPS sistemlərinin fəaliyyətinə təsir göstərə bilər.
Qasırğanın təsiri tədricən mayın 10-u, şənbə günü azalacaq. Günün ilk yarısında təsirlər davam etsə də, günortadan sonra vəziyyət sabitləşəcək.
Alimlər qeyd edirlər ki, Günəş aktivliyi çox tez dəyişə bildiyindən, bütün proqnozlar ilkin xarakter daşıyır. Buna görə də rəsmi xəbərdarlıqları izləmək tövsiyə olunur.
Maqnit qasırğası nədir?
Günəşdə baş verən partlayışlar nəticəsində böyük miqdarda enerji və kiçik yüklü hissəciklər kosmosa atılır. Bu hissəciklər sürətlə hərəkət edərək Yer kürəsinin maqnit sahəsinə çatdıqda pozuntu yaradır - alimlər bunu "maqnit qasırğası" adlandırırlar.
Bu cür qasırğalar zəifdən güclüyə qədər müxtəlif səviyyələrdə olur. K-indeksi 5-dən yuxarı olan qasırğalar isə artıq insanlarda narahatlıq yarada bilər.
Maqnit qasırğası insanlara necə təsir edir?
Maqnit aktivliyi hər kəsə fərqli şəkildə təsir edə bilər. Lakin tez-tez rast gəlinən əlamətlər bunlardır:
Baş ağrısı və başgicəllənmə
Miqren və ürəkbulanma
Qan təzyiqində dəyişikliklər
Ümumi zəiflik və yuxululuq
Yuxusuzluq və tez yorulma
Konsentrasiya problemi və əsəbilik
Hisslərin artması, emosional dalğalanmalar
Xroniki xəstəliklərin kəskinləşməsi
Xüsusilə hava dəyişikliklərinə həssas insanlar, yaşlılar, hamilə qadınlar, uşaqlar və ürək-damar sistemi xəstəlikləri olanlar daha çox risk altındadır.
Özümüzü necə qoruyaq?
Həkimlər bu günlərdə aşağıdakı sadə, lakin effektiv tövsiyələri verir:
Gecə saat 23:00-dan gec olmayaraq yatmaq və 7-9 saatlıq keyfiyyətli yuxu
Nizamlı və balanslı qidalanma
Kifayət qədər su içmək
Qəhvə, enerji içkiləri, alkoqol və ağır yeməklərdən uzaq durmaq
Stress, mübahisə və güclü emosional gərginlikdən qaçmaq
Həm fiziki, həm psixoloji yüklənməni azaltmaq
Açar söz: istirahət
Mütənasib fiziki aktivlik və təmiz havada gəzinti
Elektron cihazlardan və ekranlardan axşam saatlarında az istifadə
Xroniki xəstələr üçün təzyiq və ümumi sağlamlıq nəzarəti
Əgər vəziyyətiniz pisləşərsə, mütləq həkimə müraciət etmək tövsiyə olunur.