Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana səfəri çərçivəsində mayın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxulislam Hacı Allahşükür Paşazadə ilə görüşüb.
Kriminal.az xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişafı və perspektivləri müzakirə edilib.
Şeyxulislam Hacı Allahşükür Paşazadə bildirib ki, Azərbaycan ilə Rusiyanın dini konfessiyaları arasındakı dostluq əlaqələrinin əsası Ulu Öndər Heydər Əliyevin zamanında yaradılıb və səmimi xarakter daşıyır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev provaslav və müsəlmanlar arasındakı dostluq əlaqələrinin daha da inkişafı etməsi üçün dəstəyini əsirgəmir. Prezident İlham Əliyev ilə Prezident Vladimir Putinin dostluq əlaqələri xalqların dini və mədəni yaxınlaşmasını, əlaqələrin və münasibətlərin inkişafını təmin edir.
Şeyxulislam təəssüf hissi ilə qeyd edib ki, bu gün Ermənistanın din xadimləri xalqı sülhə çağırmaq əvəzinə revanş hissi ilə yaşayırlar. Azərbaycan torpaqlarını azad edib, erməni din xadimləri bunu həzm edə bilmirlər. İşğal dövründə Azərbaycanın məscid və mədəni abidələri ilə yanaşı provoslavlara aid olan mədəni abidələr dağıdılıb. Bu gün Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həm müsəlman, həm də xristianlara məxsus olan kilsə və tarixi-mədəni abidələr bərpa edilir.
Qeyd olunub ki, Patriarx Kirill iki dini konfessiya arasında mehriban münasibətlərin qurulmasında böyük rol oynayıb. Onun fəaliyyətinin əsasında xalqlar və dinlər arasında sülh və əmin-amanlıq yaratmaq dayanır. Buna görə də Şeyxulislam Hacı Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə təşəkkürünü bildirib.
Patriarx Kirill nəzərə çatdırıb ki, Rusiyada müsəlmanlarla provaslavlar arasında tarixən dostluq əlaqələri mövcud olub. İndi də bu dostluq davam edir. Bir çox müsəlman Rusiyada görkəmli dövlət və hərbi xadimlər kimi fəaliyyət göstərərək tanınıb və nüfuz qazanıblar.
Bu gün Rusiya Prezidenti Vladimir Putin Azərbaycana xüsusi münasibətlə yanaşır. Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyev bütün dini konfessiyalara o cümlədən provaslavlara diqqət və qayğı ilə yanaşır.
Qeyd olunub ki, Azərbaycanda provaslavlara həmişə hörmətlə yanaşıblar və bunda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin xüsusi rolu var. Buna görə də Patriarx Kirill Şeyxulislama öz təşəkkürünü bildirib.
Vurğulanıb ki, siyasi xadimlərdən fərqli olaraq din xadimlərinin fəaliyyəti müxtəlif dinə etiqad edənlərin qarşılıqlı hörmətinə və ehtiramına nail olmaqdan ibarətdir.