Əziz oxucular, filologiya üzrə fəlsəfə doktoru, dosent Şahlar Göytürkün “Uzun sözün qısası” kitabı əslində onun “ömür kitabı”, “hisslər və duyğular aləmi”, “kimlik dünyası”dır. Buradakı hər bir yazı növündən, janrından, həcmindən asılı olmayaraq, Şahlar bəyin varlıq dünyasının hörgü daşları, mizanları, ölçüləridir. Bu yazılarda alim, şair, publisist və vətəndaş şəxsiyyətinin canı və ruhu yaşamaqdadır. Çünki mənim tanıdığım Şahlar Göytürk öz həyatını dəyərlərə müncər edib yaşayan insanlardandır. Harada rast gəlməyimdən asılı olmayaraq, onu həmişə şən ruhlu, müsbət auralı görmüşəm. Zamanın heç bir zərbəsi onu öz “havasından” ayıra, yayındıra bilməmiş və o, hər zaman öz kimlik dünyasının dəyərlərinə sadiq bir ömür yaşamışdır.
Şahlar Göytürkün dünyası müəzzəm dağlardan başlanıb: Savalanın mərdlik, sərtlik və ərdəmliklə dolu havası onun nəinki ruhunda, həm də boy-buxununda, şəxsiyyətinin güzgüsü olan tökmə sifətinin cizgilərində əks olunub. Dağlar qoynunda Uca Allahın ona bəxş etdiyi ömrü “Şahlar” kimi başlayan insanoğlu Vətənin suyu, havası və çörəyi ilə “Göytürk” məqamına qədər ucalıb.
Oğuz babalarımız adlarını Qorqud atadan etdikləri hünərə görə alır, bu adlar onların sosial-mənəvi kimliklərini əks etdirir və onlar bütün ömürlərini həmin adların işığında yaşayırdılar. Adı doğrultmaq, yaşatmaq, şəxsi taleyin simvoluna çevirmək hər bir igidin ömrünün məna və mahiyyətini təşkil edirdi. Bizim qəhrəmanımız da dünyaya Şahlar kimi gəldi: doğmaları onu ağlı, tərbiyəsi, mənəvi kimliyi baxımından uca mənəvi məqamda – şahlara layiq zirvədə görmək istəyirdilər. Çətinliklərlə dolu həyatının hər bir məqamında “hünər imtahanı” verən Şahlar ömrünün bütün məna və mahiyyətini “Göytürk” məqamında tapdı. Atası Baybörənin “Bamsam” deyib oxşadığı oğlu igidlik göstərdiyinə görə Qorqud atadan Beyrək adını aldığı kimi, dağlar oğlu Şahlar da Azərbaycan adlı atadan Göytürk adını aldı. Vətən ona: “Adını mən verdim, yaşını – taleyini Allah versin”, – dedi.
Şahlar Göytürk Allahın ona verdiyi ömrü ənənəvi Azərbaycan kişisinə xas ləyaqət və ərdəmliklə yaşamaqdadır. Onu fərqləndirən və tanıtdıran ən ümdə cəhət milli-mənəvi dəyərlərə bağlılığıdır. Şahlara hələ uşaq ikən dünyaya və insana necə bir münasibət bəsləməyi öyrətmişlərsə, həmin əxlaq kristal dəyərlər kimi onun cismində və ruhunda eyni şəkildə təcəssüm etməkdədir. O – bir namuslu Azərbaycan oğludur. Mənəviyyatı Vətən eşqi ilə yoğrulub: Azərbaycanı, onun təbiətini və insanlarını fərq qoymadan sevir və bu sevginin fövqündə ana dili sevgisi durur.
Hər bir insanın şəxsiyyətini tanıdan əlamətdar işarə var. Mən Şahlar Göytürkü dilçi kimi tanıdım. Onunla ilk dəfə, deyəsən, Nəsimi adına Dilçilik İnstitutunun koridorunda tanış olmuşuq. Ədəbiyyatçı və dilçilərin işlədiyi beşinci mərtəbənin dörd uzun koridoru Elmlər Akademiyasının tarixində həmişə milli ruhlu alimlərin “güzərgahı” olub. Tələbə ikən indi əksəriyyəti haqq dünyasında olan məşhur alimlərin söhbətlərini ən axırıncı cərgədə durub dinləmişəm. Şahlarla bu “tarixi” məkanda tanış olmağımın da bir rəmzi var. Onu milli əqidəli dostlarımın cərgəsində görüb, tanıyıb dostlaşmışam. Və tanıdıqca dilə, xüsusilə onun gələcək taleyinə nə qədər bağlı olduğunun fərqinə varmışam.
O, nikbin insandır, sanki “məğlubiyyət” anlayışının nə olduğunu bilmir: hər zaman inandığı dəyərlər uğrunda vuruşur, mübarizə aparır. Dil mövzsunda güzəştə gedə bilmir. Elə bu sətirləri yazarkən kitabının adını niyə “Uzun sözün qısası” qoyduğunu anladım. Şahlar Göytürk kitabda milli kimlik ruhunun təlqin etdiklərindən, bütöv azərbaycançılıq məfkurəsi kimi qəbul etdiyi mətləblərdən söhbət açıb. Uzun illər ərzində düşüncəsində arınan, durulan mətləblər kristal dəyərlərə çevrilib. Müəllif “Uzun sözün qısası” deməklə müasirlərinə və ümumən oxucularına bir Göytürk kimi gördüyü, bildiyi və qavradığı həqiqətləri söyləyəcəyini bəyan edib.
Şahlar Göytürk üçün dil təkcə ünsiyyət vasitəsi olmayıb, eyni zamanda “sözlərdə yaşayan tariximiz”dir. Bu cəhətdən onun yaradıcılığında qlottogenetik yanaşma, başqa sözlə, dilə tarixi inkişaf dinamikası müstəvisində baxış ayrıca məna xəttini təşkil edir. Müəllifə görə, dilin inkişafı, funksional struktur baxımından təkmilləşməsi prosesləri onun xalqın tarixini öz strukturunda yaddaşlaşdırması prosesləri ilə paralel getmişdir. Yəni alimə görə, dil nəhəng yaddaş potensiyasıdır: milli tarix milli dildə özünəməxsus mexnizmlər vasitəsilə yaşamaqda davam edir. Bu üzdən, Şahlar Göytürk bir dilçi kimi “sözlərdə yaşayan tarix”i, başqa cür desək, “tarixi yaşadan sözlər”i araşdırmağı vacib hesab edir. Kitabın birinci bölümündəki çoxsaylı yazıların hamısı bu mövzu ətrafında birləşməklə Şahlar Göytürkün, belə demək mümkünsə, Azərbaycan tarixşünaslığında dil kodu ilə açdığı bir səhifədir.
Müəllifin əqidəsinə görə, ana dilimiz bizim “əbədi varlığımız”dır. Milli kimliyimiz bütün hallarda milli dilimizə müncər olunur: biz ana dilinin vasitəsilə etnosa, xalqa, millətə çevrildiyimiz kimi, bizi əbədi olaraq yaşadacaq etnopotensiya yenə də ana dilimizdir. Dili itirmək – milli kimlik atributlarından məhrum olmaqdır: məhz dil milli immun sisteminin əsasında duraraq, xalqın və millətin əbədiyyətini təmin edir.
Şahlar Göytürk məhz buna görə belə hesab edir ki, “uzun inkişaf yolu keçmiş, mükəmməl qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, yüksək səviyyəli yazı normaları olan Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında, milli məfkurəsində dövlətimizin rəsmi dili və həmçinin dünya azərbaycanlılarının birlik, birləşdiricilik simgəsi kimi müstəsna əhəmiyyət kəsb edir”.
Müəllifin dilimizə verdiyi bu “tərif”də bir çox səciyyəvi məqamlar öz əksini tapmışdır. Bu cəhətdən, Şahlar bəyin Azərbaycan dilini “dünya azərbaycanlılarının birlik, birləşdiricilik simgəsi” hesab etməsi xüsusilə əlamətdardır.
Ana dilinin onun daşıyıcılarını birləşdirməsi məlum məsələdir. Lakin Şahlar Göytürkün yanaşmasında bu birləşdiricilik məqamı, sadəcə məlum həqiqətin ifadəsi olaraq qalmayıb, dil və təfəkkürün qovuşmasından yaranan “birlik və birləşdiricilik” konsepti səviyyəsinə qaldırılmışdır. Başqa sözlə, ana dili o dilin daşıyıcıları üçün təkcə ünsiyyət modeli deyil, onları təbii-milli instinktlər, fenomenoloji duyumlar səviyyəsində bir-birinə qırılmaz tellərlə bağlayan, doğmalaşdıran milli simvollar sistemidir. Bu milli simgələr millətləşmənin əsasında duraraq, bütün azərbaycanlıları, onların dünyanın harasında yaşamalarından asılı olmayaraq, vahid millət halına gətirir. Şahlar Göytürk məhz bu baxımdan belə hesab edir ki, milli dil elə bir uca “birlik və birləşdiricilik simgəsi”dir ki, təkcə öz dövlətinin deyil, başqa dövlətlərin vətəndaşı olan azərbaycanlılara belə “Azərbaycan vətəndaşı” olduqlarını hər zaman xatarladaraq, onların “Azərbaycan kimliyi” orbitində var olmalarını təmin edir.
Hər bir insan ilk növbədə üzərində göz açdığı məkanın övladıdır. Mən ilk dəfə Şahlar Göytürklə ünsiyyətdə olanda, hələ haradan olduğunu bilməsəm də, varlığında dağ vüqarının təcəssüm olunduğunu müşahidə etdim. Onun danışığı, davranışı mənə dağ küləyini andırırdı. Zənnim məni yanıltmadı: o, Savalan dağından “qopmuş”, bu dağın havası, suyu ilə böyümüş, bütün milli ruhunu Savalandan almışdır:
“Savalan dağına ta qədimdən azərbaycanlılar keşik çəkir. Bu dağ adının dilimizdəki anlamı da sakral mahiyyət daşıyır. Savalan dağının adı dilimizdə “Tanrıdan sab, yəni söz, vəyh alan” anlamına gəlir. Tarixi qaynaqlarda bu dağın adı Sabalan kimi qeyd olunmuşdur”.
Kursivlə verdiyim bu sətirləri dağa bütün etnostixial varlığı ilə bağlı olan, onunla öz cismi arasında teointuitiv ünsiyyət duyan, hiss edən bir insan yaza bilərdi. Savalan dağı bütün Azərbaycana keşik çəkdiyi kimi, onu Yardımlının uca dağlarından saatlarla həsrətlə seyr edən Şahları da qoruyub igidə çevirdi. Dərsini Savalandan alan Göytürk elə ondan aldığı ərdəmlə bu gün ana dilimizin keşiyini ləyaqətlə çəkməkdədir.
Ana dili Şahlar Göytürk üçün sadəcə doğma dil yox, eyni zamanda dünyanı, varlığı dərketmə hadisəsidir. Bütün varlığı ilə ana dilinə bağlı olan müəllif mənsub olduğu dünyaya bu dildən baxır: dil ilə duyur, hiss edir, qavrayır və idraki təcrübəyə çevririr. Bu cəhətdən, ana dili Şahlar Göytürkün milli-mənəvi kimliyinin stixial davranış kodudur: o, dildə və dil ilə yaşayır. Dilə olan sevgi onun ruhunu təkcə elmi özünüifadə kodu ilə deyil, həm də bədii-poetik kodla dilləndirir:
Ağır sınaqlardan keçib gəlmisən,
Özüylə, sözüylə həmsərhəd elim.
Tikə-tikə oldun, bölündün, Vətən!
Hər sözüm bir eldə qaldı, ay dilim.
Şair Şahlar Göytürkün bu misralarında Azərbaycan adlı dünyanın ən ağır həqiqətləri ifadə olunmuşdur. Müəllifin “Tikə-tikə oldun, bölündün, Vətən!” hayqırtısını eşitməmək həqiqəti ilə razılaşmamaq olmur. Çünki Azərbaycan Respublikası dünyanın, bəlkə də, yeganə dövlətidir ki, onun soydaşlarını bütün qonşu dövlətlərlə sərhəd-keçid məntəqələrindən o tayda heç bir halda başqa bir dünya – yad ölkə gözləmir. İstər şimalda Rusiya ilə sərhədin, istər cənubda İran ilə sərhədin, istərsə də qərbdə Gürcüstan ilə sərhədin o tayında başqa bir dünya yox, bizim qərib dünyamız, qərib vətənimiz var. Bizim üçün sərhədlərimizin bu tayı Vətən olduğu kimi, o tayı da, sözün hər bir mənasında Vətəndir. Və bu həqiqət sənətkarın “Özüylə, sözüylə həmsərhəd elim” misrasında son dərəcə parlaq bədii-estetik məzmun və formada öz təcəssü- münü tapmışdır.
Oğuz babalarımızın bizə əmanət qoyduğu, şah babamız Xətainin qurduğu imperiyadan bizə qalan Vətənin havası-suyu ilə “adam” olan bəziləri yad dilli təhsillə əvvəlcə ana dilinə, zamanla da öz vətəninə yadlaşırlar. Çünki ana dilindən uzaq düşmək öz kimliyindən uzaqlaşmağın başlanğıcıdır:
Oxuyur bu dildə son nəğməsini,
Orda dil uğrunda candan keçənlər.
Sevməz anaların layla səsini
Nədən özgə dildə dil-dil ötənlər?
Şahlar Göytürk varlığı ana dilindən yoğrulmuş bir insan kimi belələrini qəbul etmir, onlara qarşı qoyduğu sərt mövqe ilə milli kimliyimizin kristal dəyərlərini hayqırır:
Dilimə kəc baxan – görüm ar olsun!
Fikri, düşüncəsi yad əlindədir.
Müqəddəs dilimə Tanrı yar olsun,
Xalqımın əbədi xidmətindədir.
Müəllifə görə, bir xalqın, millətin bütün gələcəyi və əbədiyyəti onun dilinə müncər olunur: dil milli kimliyin əsas göstəricisi olduğu kimi, milli dövlətin də varlığının əsasıdır:
Görsün qüdrətini, düşməsin dərdə,
Qələbə dilidir ordumun dili...
Gün gələr, çox eldə, çox ölkələrdə
Yenə hakim olar yurdumun dili.
Sənətkarın bu misralarında çox dərin həqiqətlər təcəssüm olunmuşdur. “Qələbə dilidir ordumun dili” deyən şair bununla öz ana dilinə təkcə məhəbbətini ifadə etmir. Yox, burada daha dərin mətləblər var. Şahlar Göytürk həmin mətləbləri bədii cəhətdən incə, estetik baxımdan zərif naxış- larla təqdim etmişdir: çünki poeziyanın mənası, mahiyyəti elə onun estetizmindədir. Ancaq burada şairin niyyəti yalnız “gözəl söz” yaratmaq deyil. Məqsəd gözəl sözlə ifadə olunmuş milli mənadır. Bu cəhətdən “Qələbə dilidir ordumun dili” misrasının poetik nüvəsində nəhəng milli-ideoloji fəlsəfə inikas olunmuşdur. Bunu açmağın, anlamağın, idrak etməyin yeganə metodik şərti Şahlar Göytürkün həm alim, həm şair, həm də bir vətəndaş kimi bütün hallarda dilin aşiqi olduğunu, başqa sözlə, dilçi olduğunu unutmamaqdır. Fikrimizi lap sadələşdirib desək, müəllifə görə, milliliyin bütün platformasını dil təşkil edir.
Şahlar Göytürk bir dilçi-semiotik kimi çox gözəl bilir ki, mədəniyyət iki işarələr sistemindən təşkil olunur: birinci və ikinci işarələr sistemi. Birinci işarələr sistemi dildir, ikinci işarələr sistemi isə dilin əsasında yaranan, öz varlığında onun strukturunu təkrarlayan bütün başqa işarə sistemləri. Yəni, ana dili elə, doğrudan da, milli mədəniyyətin anasıdır: mədəniyyətdə nə varsa ondan törəyir. Bu cəhətdən “Qələbə dilidir ordumun dili” deyən şair ordumuzun Vətən savaşında qazandığı möhtəşəm qələbənin, əslində, ana dilimizin qələbəsi olduğunu demək istəyir. Dilçi-şair oxucularına poetik naxışlarla belə bir mətləbi təlqin etməyə çalışır ki, dil bir yaddaş sistemidir, xalqın bütün varlığı, o cümlədən hərb yaddaşı onda yaşayır. Əgər bir ordu öz ana dilində danışırsa, bu o deməkdir ki, həmin ordu özünün dil yaddaşından güc alıb qələbə çala biləcək. Bunu Azərbaycan Ordusu 44 günlük savaşda sübut etdi. Ana dilində “Ana Vətən” hayqıraraq düşmən üzərinə şığıyan hər bir Azərbaycan əsgərinin qanında Oğuz babalarımızın məhz dil işarələri ilə oyanan yaddaşı cuşa gəlib onu yenilməz qəhrəmana çevirdi. Şair bütün bu həqiqətlərin ardınca yazır:
Səni bəyənmədi “əsilzadələr”,
Dedilər, kasıbın, fəqirin dili!
Dirilər Xətai, Dədə Ələsgər,
Ölməz Şəhriyarın, Sabirin dili.
Şahlar Göytürk Xətainin, Ələsgərin, Şəhriyarın, Sabirin adlarını sadəcə ana dilimizin böyük sənətkarları kimi çəkmir. Müəllifin daha böyük niyyəti var: şair bu adları milli düşüncə sisteminin məna mərkəzləri xalqı, milləti yaşadan, tarixin sınaqlarından keçirən, onu daim ayaq üstə var edən sarsılmaz dəyərlər kimi sadalayır. Bu cəhətdən, Şahlar Göytürkə görə, sadalanan adlar Azərbaycan milli kimlik sisteminin simvollarıdır:
– “Xətai” deyiləndə Azərbaycan insanının dövlətçilik yaddaşı oyanır: o yaddaş ki onun əsasında milli dil dururdu. Şah babamız məhz ana dilində yazdığı şeirlərlə Azərbaycan imperiyasını qura bildi. O – böyük Vətən aşiqi kimi ana dilimizin milli ruhumuzun açarı olduğunu, Oğuz milli ruhunu yalnız ana dilində coşdurub qələbələrə götürməyin mümkün olmasını yaxşı bilirdi...
– Ələsgər adı azərbaycanlı düşüncəsində minilliklərin dərinliklərindən gələn lirik-emosional dil yaddaşının açarıdır…
– Şəhriyar adı siyasi cəhətdən parçalanmış xalqı birləşdirən dil körpüsünün simvoludur…
– Sabir milli kimliyə sonsuz və sarsılmaz sədaqətin dil işarəsidir…
Əziz oxucular, Şahlar Göytürkün poeziyası bu adların daşıdığı milli simvolikanın gücü ilə Azərbaycan oxucusunun bilavasitə milli dil yaddaşına xitab etməklə onun ruhunu ayaqda saxlaya bilir:
Hicranın, həsrətin bağrımı dələr,
Ya bütöv olarıq, ya dilim-dilim.
Üzmə ümidini, ədalət gələr,
Vətən bütövləşər, ay kübar dilim.
Əyilməz qolları, bükülməz dizi,
Bilirəm zəfərlə çatacaq sona.
Xeyir-duası var qoca Təbrizin
O taylı, bu taylı Azərbaycana.
Şair bütün varlığı ilə inanır ki, məhz ana dilimiz:
– bir gün hicrana, həsrətə son qoyacaq;
– parçalanmış, dilimlənmiş Vətən dilimizlə bütövləşəcək;
– ümidlərimiz, arzularımız çin olacaq, bu dili sevənlərin də üzünə ədalət güləcək – Vətən bütöv olacaq;
– əyilməz qollarımız, bükülməz dizlərimiz bizi zəfərə götürəcək;
– Ana dilimizin paytaxtı Təbriz o taylı, bu taylı milli ruhumuzun paytaxtı olacaq.
Əziz oxucular, Şahlar Göytürkün “Uzun sözün qısası” kitabı haqqında çox söz yazmaq olar. Ancaq mətləbi uzatmaqdan qorxuram. Lakin demək istədiklərimin çoxu ürəyimdə qalır. Çünki bu, adi bir kitab deyildir. Burada ana dilimiz özünün bütün funksional layları ilə yazda çiçəklərlə bəzənən, süslənən gülüstanı xatırladır. Gülüstandan doymaq olarmı?!
Mən də sözümü qısa deyib, yaradıcılığının çiçəklənən dövrünü yaşayan əziz Şahlar bəyə möhkəm cansağlığı və milli əqidə naminə yaşadığı ömrə Uca Allahdan bərəkət diləyirəm.
Seyfəddin Rzasoy
AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin
müdiri, filologiya elmləri doktoru, professor
Kriminal.az