Ölkəmizdə müəllimlərin son iş yaş həddi 65-dir. Zaman-zaman bununla bağlı fərqli fikirlər səsləndirilir, bu yaş məhdudiyyətinin aradan götürülməsi, təcrübəli pedaqoqların fəaliyyətini davam etdirməsi istənilir, kimlər isə bu yaş həddinin vacib olduğunu bildirir. Bu müzakirə isə təkcə müəllimlərin deyil, bütövlükdə təhsil sisteminin gələcəyi üçün əhəmiyyətli bir məsələdir.
Bir neçə gün öncə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" qanunların müzakirəsi zamanı deputat Elşad Musayev orta məktəb müəllimlərinin pensiya çıxma yaşı haqqında da danışıb.
Deputat keçirilən müzakirələr zamanı bildirib ki, bu gün orta məktəbdə ibtiadi sinif müəllimini 65 yaşına çatanda pensiyaya çıxardırıq. Amma akademiyanın prezidenti 90 yaşında işləyir. Yaxud, universitetlərin alimləri, professorları işləyir. Deməli, akademiyanın prezidenti işləmək orta məktəbdə sinif müəllimi işləməkdən daha az məsuliyyətlidir? Ona görə də buna fərqli yanaşmalıyıq.
Yaş məhdudiyyəti müəllim və alimlər üçün eyni qaydada tətbiq olunmalıdırmı?
Kriminal.az xəbər verir ki, mövzu ilə bağlı Qaynarinfo-ya danışan təhsli eksperti Qoşqar Məhərrəmov bildirib ki, alimlər və müəllimlər arasındakı bu fərqlə ədalət prinsipi pozulmuş olur:
"Biz müəllimin 65 yaşdan sonra işləyə bilməyəcəyini düşünürüksə, o zaman bu yanaşma elm dünyasında da, alimlər içərisində də tətbiq olunmalıdır. Amma reallıq budur ki, 65 yaşında insanlar iş qabiliyyətini çox vaxt itirmir. Elə bir dövrə gəlmişik ki, səhiyyənin də verdiyi üstünlüklərlə insanlar daha çox yaşayır. Ortalama yaş həddi günü-gündən artır. Ona görə insanları 65 yaşında əmək fəaliyyətindən uzaqlaşdırmaq və onları "evə məhkum eləmək" düzgün hesab olunmur".
Ekspert deyir ki, 65 yaşa çatan insanlara işləmək və ya təqaüdə çıxmaq kimi seçim haqqı verilməlidir:
"65 yaşında bir insan əgər təqaüdə çıxmaq istəyirsə, çıxa bilər, yox əgər işləmək istəyirsə, bu zaman əmək fəaliyyətinə davam edə bilər. Amma burda bir məsələ var. Onların bu zaman isə həm təqaüd, həm də məvacib alması düzgün yanaşma deyil. Ona görə də işləmək istəyən maaş, istəməyə isə təqaüd almalıdır. İşləmək istəyən şəxs isə istədiyi vaxta qədər ancaq maaş alaraq işləsin".
Qoşqar Məhərrəmov əlavə edib ki, bu qayda isə həm müəllimlər, həm də alimlər üçün keçərli olmalıdır:
"Müəllimlikdir, alimlikdir, bunlar orta məktəbdə də, universitetdə də 65 yaşdan sonra görüləcək işlərdir. Amma biz hazırda qanunvericiliyə əsasən yuxarı yaş həddinə gəlmiş insanları sertifikasiyaya tabe tutmuruq. Elm və Təhsil Nazirliyi sertifikatlaşdırmanı edərkən düşünür ki, bu insanlar yaxın müddət ərzində təqaüdə ayrılacaq, ona görə onların sertifikatlaşdırmadan keçməsinə ehtiyac yoxdur. Mən isə düşünürəm ki, bir müəllim 65 yaşında sertifikatlaşdırmadan keçirsə və işləmək istəyirsə, ona bunun üçün şans vermək lazımdır. Çünki o bu yaşında həm öyrənə, həm də öyrədə bilir. Lakin sertifikatlaşdırmadan keçə bilməyən, yaxşı tədris apara bilməyən, fəaliyyətini, aktivliyini itirən müəllimin əmək fəaliyyəti dayandırılmalıdır. Elm dünyasındakı alimlər üçün də bu keçərlidir. Onlar üçün də müəyyən qaydalar, kriteriyalar qoyulmalıdır".