Fransanın Baş naziri Fransua Bayru ən yüksək gəlirə malik vətəndaşları və şirkətləri ölkənin büdcə kəsirini azaltmaq üçün əlavə səylər göstərməyə məcbur etməyə hazır olduğunu açıqlayıb.
Kriminal.az xəbər verir ki, o, bu barədə CFDT həmkarlar ittifaqının Buissi-la-Rivyerdə keçirilən konfransında bildirib.
“Resurslarınız daha əhəmiyyətli olduqda, dövlət maliyyəsinin bərpasına töhfəniz də daha əhəmiyyətli olmalıdır. Bu səbəbdən ən varlılardan xüsusi səylər tələb olunacaq, ədalətsiz və lazımsız hesab edilən bütün hallarda isə vergi güzəştləri ləğv ediləcək”, - Bayru vurğulayıb.
Baş nazir onu da qeyd edib ki, hökumətə etimad məsələsini sentyabrın 8-də Milli Assambleyada səsverməyə çıxarmaq niyyətindədir. Onun sözlərinə görə, ölkənin maliyyə sistemi təhlükə altında olduğu üçün bu qərar şüurlu şəkildə verilib.
O, həmçinin sosial müdafiə sisteminin əsas elementlərinin - işsizlikdən sığorta və pensiya təminatının idarə edilməsini sosial tərəfdaşlara, yəni biznes və həmkarlar ittifaqı nümayəndələrinə vermək niyyətini qeyd edib.