kriminal.az
"Ancaq pul qazanmağı düşünürlər" - Kütləvi zəhərlənmənin səbəbləri

Ötən gün Şəmkir rayonunda dönərdən kütləvi zəhərlənmə halı qeydə alınıb. Belə kİ, Şəmkirdə 24 nəfər dönərdən zəhərlənib. Onlardan 14-ü isə azyaşlıdır.

Bu hadisə bir daha göstərdi ki, küçə yeməklərinin keyfiyyətinə nəzarət ciddi şəkildə aparılmalıdır. Toyuq ətinin saxlanma şəraiti, gigiyenik qaydalar və məhsulun mənşəyi diqqətdən kənarda qaldıqda, nəticə kütləvi fəlakətə çevrilə bilir.

Qida eksperti İlkin Şirinov Kriminal.az -a açıqlamasında bildirib ki, dönərlə bağlı məsələ hər zaman müzakirə obyektidir.

Onun sözlərinə görə, dönər insanların qidalandığı qidaların bəlkə də ən riskli qrupuna aid olanıdır:

"Biz dəfələrlə dedik, danışdıq ki, dönərxanaların vəziyyəti heç də ürəkaçan deyil. Bu günləri dönərxanalarda nəzarətsizlik var və bu günləri dönərxanaların vəziyyəti yalnız insanların sağlamlığını riskə atmaqla məşğuldur. Çünki bu günləri həmin dönərxanalarda saxlanan qidaların, dönərçinin hansı vəziyyətdə işlədiyi hər birimizin gözü qarşısındadır. Amma nədənsə öz sağlamlığımızı riskə atıb dönərxanaların fəaliyyətini daha da genişləndirməklə məşğuluq. Əksər dönərxanalarda soyuducu, soyutma sistemi yoxdur. Hətta həmin dönərçinin bir əlini yumaq üçün su belə yoxdur. O zaman ortaya sual çıxır: Burada hansı keyfiyyətdən və keyfiyyətli məhsuldan danışmaq olar?

Digər bir tərəfdən kütləvi zəhərlənmədən danışırıqsa, əgər bu günləri məhsul zəhərlidirsə, keyfiyyətsizdirsə, təbii ki, burada kütləvi zəhərlənmə baş verəcək. Dönərxanada hazırlanan qidaların hər biri risk qrupuna aid olan qidalardır: mayonezlər, ketçuplar, toyuq əti, müxtəlif souslar. Təbii ki, burada da saxlanma şəraiti olmadığından bu məhsulların tez xarab olması mümkündür və bu da kütləvi zəhərlənmə halına gətirib çıxardacaq. Biz nəzər yetirsək görərik ki, bu günləri dönərxanalardakı mayonezlərin ağzı günlərlə açıq qalır və  burada da məhsulları saxlamaq üçün hər hansısa bir bufer zona yoxdur. Yaxud xüsusi bir otaq yoxdur ki, həmin otaqda məhsullar təhlükəsiz vəziyyətdə saxlanılsın  və bakteriyaların çoxalması mümkün olmasın".

Ekspert qeyd edib ki, bu gün dönərxanaların vəziyyəti göz qabağındadır:

"İnsan sağlamlığı bir kənara qoyularaq işbazlar yalnız pul qazanmağı düşünürlər. Nəticədə isə insanlarımız öz sağlamlıqlarını riskə ataraq həmin dönərlə qidalanırlar. 6-7 manata satılan toyuq əti bazarda təklif olunursa, dönərin cəmi 1 manata satılması təəccüb doğurur. Və bu dönərxananın qarşısında böyük bir izdiham yaranır. Belə olan halda sual yaranır: bir manata satılan dönərin keyfiyyətindən və sağlam qidalanmadan danışmaq mümkündürmü? Müştəri çoxluğundan belə şəraitdə dönərçi nə əlini yumağa, nə də istifadə etdiyi alətləri təmizləməyə vaxt tapır. Həmin kəsici alət isə həm çiy ətə, həm tərəvəzə, həm də souslara toxundurulur. Təbii ki, burada kütləvi zəhərlənmə baş verəcək.

Neçə ki, bu nəzarət mexanizminin gücləndirilməməsi məsələsi var, bu cür hallar qaçılmazdır. Dönərxanalara nəzarət mexanizmi zəif olduğundan da bunlar baş verir. Bu gün dönərxanalar magistral yolların kənarında, insanların sıx toplaşdığı ərazilərdə, bazar və metro çıxışlarının qarşısında, üstü açıq şəkildə fəaliyyət göstərir. Belə şəraitdə dönərlər havanın, küləyin, tozun və torpağın təsirinə məruz qalır, amma insanlar onları böyük həvəslə alıb yeyirlər. Toyuq ətinin tez xarab olması, düzgün saxlanma şəraitinin təmin edilməməsi, məhsulların keyfiyyətsizliyi və baytarlıq nəzarətindən keçməməsi ciddi təhlükə yaradır. Mənşəyi məlum olmayan toyuq ətindən hazırlanan dönər də kütləvi zəhərlənməyə gətirib çıxara bilər".

Həmidə İbrahimova

Top
0.063467979431152