kriminal.az
Trampın "şifrəli təhdidi" Rusiyanı qarışdırıb, xof yaradıb: Kreml ABŞ-ın hərbi "sürpriz" vədinə cavab zərbəsi hazırlayır

ABŞ və Qərbdə Rusiyaya artıq ciddi yanaşmırlar, Kreml təmsilçilərinin ittihamlarına əhəmiyyət vermirlər... Ağ Ev sahibi Donald Trampın fikrincə, prezident Vladimir Putinin sülh barədə açıqlamaları aldadıcıdır və Rusiyaya zaman qazanmaq niyyəti daşıyır...

Kriminal.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşı artıq qlobal hərbi-siyasi böhrana çevrilməyə başlayıb. Belə ki, bu savaşın dayandırılması istiqamətində göstərilən bütün cəhdlər iflasa uğramaqda davam edir. Üstəlik, mövcud situasiyanın yaranmasının yeganə günahkarı da məhz Rusiya hesab olunur. Çünki Kreml özünün müəyyən etdiyi sülh şərtlərindən başqa heç bir təklifi yaxın buraxmır. Və nəticədə sülh müzakirələri davamlı olaraq, iflasa məhkum buraxılır.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Rusiyanın davranışları beynəlxalq məkanda ciddi qıcıq doğurmağa başlayıb. Belə ki, artıq nə ABŞ, nə də Avropa Birliyi Kremlin sülh müzakirələrinə ciddi yanaşdığına artıq inanmır. İndi Rusiyaya Qərb siyasi dairələrində ümumiyyətlə, güvənmirlər. Ümumi qənaət ondan ibarətdir ki, Rusiya ilə sülh müzakirələri əhəmiyyətsizdir və bu, vaxt itkisindən başqa bir şey deyil. Və bu səbəbdən də artıq tədricən sülh masasının tamamilə ləğv edilmək üzrə olduğu müşahidə edilir.

Məsələ ondadır ki, Almaniya kansleri Fridrix Mertz Ukrayna savaşının dayandırılması ilə bağlı bütün siyasi-diplomatik imkanların artıq tükəndiyini bəyan edib. Onun fikrincə, bu istiqamətdə atılan bütün sülh təşəbbüsləri Rusiya tərəfindən müxtəlif bəhanələrlə bloklanır. Yəni, Kreml heç bir danışıqlar formatında sülh ehtimalının ön plana keçməsinə imkan vermir. Və ona görə də, Ukrayna savaşının yekun nəticələrini hərbi faktorlar üzərindən müəyyən etməkdən başqa yol qalmayıb.

Maraqlıdır ki, Almaniya kansleri Fridrix Mertz Rusiyaya qarşı sərt mövqenin tərəfdarı olduğunu da qətiyyən gizlətmir. O, hesab edir ki, Kreml ilə sülh masasında anlaşmaq mümkün olmadığına görə Rusiyanı mütləq savaş meydanında məğlub etmək lazımdır. Bu səbəbdən də, Almaniya kansleri ABŞ başda olmaqla, bütün Qərb ölkələrini sülh masasını unudaraq, vaxt itirmədən Ukraynaya daha intensiv hərbi dəstək verməyə çağırıb. Və bu, o deməkdir ki, indi Rusiya Ukrayna savaşının daha ağır mərhələsi ilə qarşı-qarşıya qala bilər.

Digər tərəfdən, Almaniya kansleri Frudrix Mertz Ukrayna savaşı sona çatdıqdan sonra Rusiyanın törətdiyi fəlakətlərə görə cavab verməli olduğunu da vurğulayıb. Xüsusilə də, Rusiyanın mütləq kompensasiya ödəməli olduğunu bildirib. Almaniya kansleri elə indidən xəbərdarlıq edib ki, Rusiya Ukraynaya vurduğu ziyana görə 500 milyard avro kompensasiya ödəmədikcə, onun dondurulmuş aktivlərinə çıxışı mümkün olmayacaq. Çünki beynəlxalq hüquq və ədalət prinsipinə uyğun olaraq, Rusiya işğal nəticəsində Ukraynaya dəyən maddi ziyana görə mütləq cavabdehlik daşımalıdır.

Eyni zamanda, kansler Fridrix Mertz vurğulayıb ki, Almaniya ABŞ-dan əlavə “Patriot” hava hücumundan müdafiə sistemləri almağa hazırdır. Almaniya həmin raket sistemlərinin bir hissəsini Ukraynaya göndərmək niyyətindədir. Almaniya kansleri onu da bildirib ki, bu addımlar həm Ukraynanın təhlükəsizliyini gücləndirməyə, həm də Rusiyanın təcavüzkar siyasətinə qarşı Avropanın birgə cavab reaksiyasıbı nümayiş etdirmək məqsədi daşıyır.

Göründüyü kimi, Kreml ABŞ və Qərbi yenidən Rusiyanın əleyhinə vahid mövqeyə yaxınlaşdırmağı bacarıb. Hətta rəsmi Kiyev ilə Ağ Ev arasında son vaxtlar birbaşa təmaslar da intensivləşib. Belə ki, prezident Volodimir Zelenski qısa müddət ərzində həm Ağ Ev sahibi Donald Tramp, həm də onun Ukrayna üzrə nümayəndəsi Kit Kellog ilə müzakirələr aparıb. Və bu müzakirələrdə ABŞ-ın Ukraynaya hərbi dəstəyinin bərpası, Rusiyaya qarşı isə sanksiyaların sərtləşdirilməsi ilə bağlı mövzular ön planda olub.

Ukrayna prezidenti Volodimir Zelenski prezident Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellogdan ABŞ-ın  Ukraynaya silah tədarükünün bərpası ilə yanaşı, onun həcminin artırılmasını da xahiş edib. O, rəsmi Kiyevin Ukraynada ABŞ ilə ortaq müdafiə sistemlərinin istehsalının təşkilində maraqlı olduğunu da vurğulayıb. Ukrayna lideri Kremlə qarşı yeni sərt sanksiyaların tətbiqinin vacibliyini bildirib. Onun fikrincə, xüsusilə də Rusiyanın enerji sektoruna, eləcə də bu ölkədən neft alan dövlətlərə qarşı sanksiyaların daha effektiv ola biləcəyini qabardıb.

Prezident Volodimir Zelenski bildirib ki, yalnız belə sərt addımlar Rusiyanı sülh haqqında daha çox düşünməyə məcbur edə bilər. Digər məlumatlarda isə ABŞ-ın Ukraynaya hərbi yardımları artıq bərpa etdiyi bildirilir. Rəsmi Kiyev bundan məmnun olduğunu isə qətiyyən gizlətmir. Kremldə isə narahatlıq hökm sürür. Və nə qədər qəribə də olsa, Rusiya siyasi dairələri Qərb dövlətlərini Ukrayna savaşına münasibətdə müharibə variantını seçməkdə suçlayır.

Ancaq ABŞ və Qərbdə Rusiyaya ciddi yanaşmırlar, Kreml təmsilçilərinin ittihamlarına əhəmiyyət vermirlər. Əksinə, ABŞ prezidenti Donald Tramp Rusiyanın sülh istəmədiyinə əmin olduğunu bəyan edib. Onun fikrincə, prezident Vladimir Putinin sülh barədə açıqlamaları sadəcə, aldadıcı xarakter daşıyır və Rusiya üçün mümkün qədər zaman qazandırmaq niyyətinə xidmət edir.

Bu səbəbdən də prezident Donald Tramp yaxın vaxtlarda Rusiya olduqca böyük "sürpriz" edəcəyini bildirib. Ağ Ev sahibinin vaxtilə dilə gətirdiyi "Moskvanı bombalayaram" təhdidini hələ unutmayan Rusiya siyasi dairələrində hazırda olduqca ciddi xofun yaşandığı barədə məlumatlar yayılıb. Və indi Kreml təmsilçiləri Rusiyaya qarşı istənilən hərbi müdaxilə cəhdinin mütləq analoji cavab reaksiyasına səbəb olacağını vurğulayırlar.

Top
0.060851097106934