Balakəndə işə düzəltmə adı ilə dələduzluq cinayəti baş verib.
Kriminal.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisənin fiqaruantları xanımdır. Bu baxımdan adlarını açıqlamırıq.
Məlumatda deyilir ki, dələduzluq əməlini törədən şəxs Balakəndə qurbanları ilə "Jaan" əyləncə mərkəzində tanış olub. Onlardan biri işə düzəlmək, digəri isə təqaüdə çıxmaq istəyirmiş. Təqsirləndirilən şəxs işə düzəlmək istəyən xanıma onu Balakən Mədəniyyət Mərkəzində işlə təmin edəcəyinə söz verərək, bunun müqabilində ondan 2500 manat alıb.
Digər xanımdan isə 1 ədəd Rusiya istehsalı olan 583 əyarlı Sibir briliyant qaşları ilə bəzədilmiş 4,5 qram çəkidə, təxminən 1200 manat dəyərində üzük, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı briliyant qaşlarla bəzədilmiş 8 qram çəkidə təxminən 1900 manat dəyərində boyunbağını, 1 ədəd İtaliya istehsalı olan 750 əyarlı briliyant qaşlarla bəzədilmiş 6,5 qram çəkidə təxminən 1500 manat dəyərində qolbaq, 1 ədəd üzük və 1 cüt sırğadan ibarət İtaliya istehsalı olan 750 əyarlı Sibir briliyant qaşları ilə bəzədilmiş ümumi çəkisi 12 qram olan təxminən 4500 manat dəyərində komplekt alaraq onun təqaüd məsələsini həll edəcəyini deyib.
Lakin o, verdiyi vədə əməl etməyib. Qarşı tərəf hüquq-mühafizə orqanlarına müraciətindən sonra həmin şəxs saxlanılıb.
Balakən Rayon Məhkəməsi ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.