kriminal.az
Bakıda işıqforların elektrik xəttinə qanunsuz müdaxilələr edilir - XƏBƏRDARLIQ

Bakının Əmircan kəndində işıqforun elektrik xəttinə bağlanan yeni il bəzəkləri ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Kriminal.Az xəbər verir ki, məlumatda paytaxtda bəzi hallarda ayrı-ayrı şəxs və ya şəxslər tərəfindən işıqforların elektrik xəttinə qanunsuz müdaxilə hallarına rast gəlindiyi vurğulanır.

"Növbəti belə bir hal Suraxanı rayonu, İlqar Məmmədov küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində Yenil il işıq çilçırağının naqilinin açıq formada işıqforun elektrik xəttinə quraşdırılması ilə bağlı olub. Təbii ki, qısa müddət ərzində Mərkəzin əməkdaşları tərəfindən bu cür qanunsuz hərəkətin qarşısı alınaraq, təhlükəsizlik təmin olunur.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi belə şəxslərə müraciət edərək bildirir ki, işıqforların elektrik xəttinə hər hansısa bir avadanlığın quraşdırılması, xüsusilə də yağışlı havalarda qısaqapanmalara səbəb olur və nəticədə də nizamlayıcının kabel-kommunikasiya xətləri, idarəetmə qurğusu sıradan çıxır.

Belə olduğu təqdirdə yol hərəkəti iştirakçılarının yoldan təhlükəsiz istifadə etməsində problemlər yaranır. Xatırlatmaq istərdik ki, işıqforlara kənar avadanlıqların quraşdırılması və qoşulması qadağandır və bu, məsuliyyət yaradır", - deyə məlumatda vurğulanır.

Bakının Əmircan kəndində yeni il ərəfəsində qeyri-adi hadisə baş verib.

Belə ki, işıqforun elektrik xəttinə bağlanan yeni il bəzəkləri sakinlərin diqqətini çəkib.

Kriminal.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü paylaşılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov Kriminal.Az-a açıqlamasında faktı təsdiqləyib.

"Suraxanı rayonu, İlqar Məmmədov küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində naməlum şəxs və ya şəxslər Yeni il işıq çilçırağını işıqforun elektrik xəttinə qoşublar. Müraciət daxil olduqdan sonra NİİM tərəfindən, ötən gün, işıq çilçırağı xətdən ayrılıb və təhlükəsizlik təmin olunub", - deyə Ö.Xıdırov bildirib.

Kənd sakinlərinin Kriminal.Az-a verdikləri məlumata görə, işıqforun elektrik xəttinə bağlanan yeni il bəzəklərinin işıqfora quraşdırılması prosesini Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları həyata keçiriblər.

Əzizə İsmayılova

Top
0.058022022247314