Venesuela prezidenti Nikolas Maduro “ABŞ-ın müdaxiləsi təhlükəsi”nə cavab olaraq Milli Milisləri səfərbər etmək kampaniyasını yüksək qiymətləndirib.
Kriminal.az xəbər verir ki, onun milislərə və ehtiyatda olan hərbçilərə müraciəti "Venezolana de Television" telekanalında yayımlanıb: "Bu gün müdafiə sisteminin bütün xalq, hərbi və polis qüvvələrinin dinamik yenidən qurulmasına uğurlu start verilib".
Milli Bolivar Silahlı Qüvvələrinin (FANB) prezidenti və Ali Baş Komandanı olan Maduro səfərbərliyin avqustun 24-də - bazar günü də davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, Venesueala Milli Milisində səfərbərlikdən əvvəl 4,5 milyon milis çalışırdı.
Avqustun 19-da “Reuters” Pentaqondakı mənbələrə istinadən xəbər verib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin üç esminesi tezliklə Karib dənizinin cənubuna gələcək və “narkotik kartellərə qarşı əməliyyatlar aparmaq üçün” Venesuela sahillərində yerləşdiriləcək. “The New York Times” qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp Pentaqona Latın Amerikası narkotik kartellərinə qarşı hərbi güc tətbiq etməyə başlamaq üçün göstəriş imzalayıb.
Maduro isə bu addımı Venesuealaya hərbi müdaxiləyə hazırlıq kimi qiymətləndirməklə Milli Milis qüvvələrinə ümumölkə səfərbərliyi elan edib.
Xatırladaq ki, ABŞ Maduronun regiondakı ən böyük narkokartelin rəhbəri olduğunu elan edərək onun həbsinə gətirəcək məlumat üçün 15 milyon dollar mükafat ayırıb.