kriminal.az
Bir həftədir xəbər yoxdur, Xamenei haradadır? - Yaxın adamı danışdı

İsraillə münaqişə davam edərkən bunkerdə gizləndiyi iddia edilən İranın əsas siması - ali dini lideri Əli Xameneinin yoxluğu onun sui-qəsdin qurbanı olması barədə iddiaları gücləndirib.

Kriminal.az xarici KİV-ə istinadla xəbər verir ki, onun son bir həftədə ictimaiyyət qarşısına çıxmaması suallar doğurub.

Ötən gün İran dövlət televiziyasının aparıcısı İranda siyasi elitadan tutmuş küçədəki adama qədər bir çox insanın maraqlandığı sualla müraciət edib. 

Aparıcı Xamneinin ofisindən olan bir rəsmiyə "İnsanlar ulu öndərdən çox narahatdırlar. Onun necə olduğunu deyə bilərsinizmi?" sualını ünvanlayıb.
Lakin Xamneinin arxiv idarəsinin rəhbəri Mehdi Fəzaeli suala konkret cavab verməyib.

“Hamımız dua etməliyik. Ali rəhbəri qorumağa borclu olan insanlar öz işlərinin öhdəsindən layiqincə gəlirlər. İnşallah, xalqımız qələbəni öz lideri ilə birlikdə qeyd edə bilər, Allahın izni ilə”, - deyə Fəzaeli söyləyib.

Xamneinin İsraildən sui-qəsd təhdidlərinə görə bunkerdə gizlənərkən üç din xadimini potensial varis təyin etdiyi də iddia edilir.

“The New York Times”ın (NYT) məlumatına görə, “Khaneman” qəzetinin baş redaktoru Möhsün Xəlifə bildirib ki, Xamneyinin günlərdir yoxluğu onu sevən hər kəsi dərindən narahat edib.

İki həftə əvvəl ağlasığmaz bir ehtimalı etiraf edən Xəlifə bildirib ki, Xamneyi ölərsə, onun dəfn mərasimi çox görkəmli və tarixi olacaq.

Yüksək rütbəli hərbi komandirlər və hökumət rəsmiləri son günlər Xamnei ilə görüşüb-görüşmədikləri barədə danışmaqdan qaçırlar.

İnqilab Keşikçiləri Korpusunun komandiri və Xamneinin ali hərbi müşaviri general Yəhya Səfəvinin oğlu, politoloq Həmzeh Səfəvi deyib ki, İran təhlükəsizlik rəsmiləri İsrailin hətta atəşkəs dövründə belə Xamneini öldürə biləcəyinə inanır.

H.Səfəvi həddindən artıq təhlükəsizlik protokollarını həyata keçirdiklərini deyib. O bildirib ki, İranda Prezident Məsud Pezeşkian kimi digər liderləri gücləndirərək ölkəni bu böhrandan çıxarmaq üçün praqmatik baxış üstünlük təşkil edir.

H.Səfəvi deyib ki, o, hələ də Xamneinin mühüm qərarlara uzaqdan müdaxilə etdiyinə inanır.

NYT-nin məlumatına görə, hökumət daxilində mövcud siyasət müzakirələri ilə tanış olan 4 yüksək rütbəli İran rəsmisi bildirib ki, Xamneinin yoxluğunda siyasətçilər və hərbi komandirlər ittifaqlar yaradıb və hakimiyyət uğrunda yarışıblar. Bu qrupların İranın nüvə proqramı, ABŞ ilə danışıqları və İsraillə çıxılmaz vəziyyəti ilə bağlı fərqli baxışları var.

Dörd məmur deyib ki, hazırda üstünlük təşkil edən qrup mötədilliyə və diplomatiyaya can atır. Bu qrupda Trampın İranın nüvə obyektlərini bombalamasından sonra ABŞ-la sövdələşmə masasına qayıtmağa hazır olan zident Məsud Pezeşkian da var.

Məlumata görə, Pezeşkianın müttəfiqləri arasında ədliyyə sisteminin rəhbəri, dini liderə yaxın olan Qulam-Hüseyn Mohseni-Ejei və silahlı qüvvələrin yeni komandanı Əbdülrəhim Musəvi də var.

“Chatham House” araşdırma qrupunun Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Sənam Vəkil bildirib ki, Xamneinin yoxluğu diqqət çəkir. Vəkilin sözlərinə görə, bu, İran liderlərinin son dərəcə ehtiyatlı və təhlükəsizlik məsələlərinə diqqət yetirdiyinə işarədir.

"Əgər Xamneini Aşuraya qədər görməsək, bu, pis əlamətdir. O, üzünü göstərməlidir", - S.Vəkil əlavə edib.

Qeyd edək ki, İranda Məhərrəm ayı çərçivəsində Aşura mərasimi iyulun əvvəlində keçiriləcək.

Billurə Yunus

Top
0.060873985290527