Hörmüz boğazının bağlanması, İran üçün öz-özünü məhv etmək kimi ağır nəticələrə səbəb olacaq.
Kriminal.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Cey Di Vens NBC News-ə verdiyi müsahibədə bildirib.
“Bütün İran iqtisadiyyatı Hörrmüz boğazından keçir. Əgər onlar öz iqtisadiyyatlarını məhv etmək və dünya bazarlarında xaos yaratmaq istəyirlərsə, bu onların qərarıdır. Amma niyə buna ehtiyacları olsun? Məncə, bunun heç bir mənası yoxdur”, – deyə Vens vurğulayıb.
Vitse-prezident eyni zamanda ABŞ-nin İranın nüvə obyektlərini tamamilə məhv etdiyini 100% təsdiqləməyib, amma bildirib ki, Amerika bu hücumlarla İranın nüvə silahı hazırlamaq imkanını əhəmiyyətli dərəcədə ləngidib.
Vens əlavə edib ki, İranın nüvə obyektlərinə zərbələrdən sonra ABŞ iranlılardan “dolayı yolla bir sıra siqnallar” alıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Müdafiə Naziri Pit Heqset də bəyan etmişdi ki, ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrinin məqsədi Tehrandakı rejimi dəyişdirmək deyil.