kriminal.az
Abdullah Ağar: "Türkiyə Yaxın Şərqdəki savaşda tarixi yol ayrıcındadır"

"İran və İsrail arasında baş verənlər göstərir ki, müharibə artıq təkcə hərbi vasitələrlə deyil, ağıl, inanc və anlayış müstəvisində davam edir".

Kriminal.az xəbər verir ki, bunu Oxu.az-a açıqlamasında Türkiyənin təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.

Ağar Yaxın Şərqdə yaşanan müharibələrin klassik hərbi toqquşmalar çərçivəsindən kənara çıxaraq, zehni və konseptual səviyyədə getdiyini vurğulayıb və Türkiyənin bu savaşda tarixi yol ayrıcında olduğunu bildirib:

"Yaxın Şərqdə hər yeni münaqişə dalğası ittifaqları yenidən formalaşdırır. Artıq müharibənin semantik xəritəsi döyüş meydanı qədər vacibdir. Türkiyə bu xəritədə mövqeyini müəyyən etməkdə çətinlik çəkməməlidir".

 

"Yaxın Şərq üç mərhələdən keçir"

Ağarın fikrincə, Yaxın Şərqdəki münaqişələri üç əsas mərhələyə ayırmaq mümkündür:

"1950-1970-ci illər: İsrail-İran-Türkiyə üçlüyü ərəbçilik ideologiyası ilə birləşməyə çalışan ərəb dünyasına qarşı müqavimət yaratdı.

1980-2010-cu illər: İranın yüksəliş dövrü və şiə ayparasının Aralıq dənizinə qədər uzandığı dövr. Bu dəfə ərəblərlə İsrail eyni xətdə, İran əks tərəfdə, Türkiyə isə tarazlıq mövqeyində oldu.

Bu gün: İsrailin özünü regional güc kimi yenidən mövqeləndirməyə çalışması İrana qarşı daha qlobal qırılmanı təhrik edir. Çin-ABŞ, Avrasiya-Atlantik gərginliyi dərinləşir.

"Müharibə ittifaq axtarışı vasitəsinə çevrilib"

"Bu gün yaşanan müharibə təkcə İsrail və İran arasında deyil. ABŞ-Çin xəttində, Avrasiya və Atlantik blokları arasında mehvər mübarizəsi gedir. Bu müharibə vasitəsilə yeni dünya nizamının təməli atılır. ABŞ bu prosesi strateji susqunluq və idarə olunan xaos strategiyası ilə yönləndirir", - deyə ekspert qeyd edib.

Ağar İranın buna qarşı "İslam birliyi" ilə cavab verdiyini, lakin hər iki tərəfin tarixi mövqelərini unutmuş kimi davrandığını bildirib.

"Türkiyənin mövqeyi həlledici olacaq"

Ekspertin qənaətincə, bu müharibə təkcə geosiyasi xarakter daşımır, həm də dini, məzhəb və teosiyasi xaosu qızışdırır:

"Türkiyənin mövqeyi necə olacaq: geosiyasi, teoloji və ya hibrid tarazlıq? Bu suallar həyati əhəmiyyət kəsb edir. Amma unutmaq olmaz ki, hətta bu balansın özü də manipulyasiyaya açıqdır".

"Həlledici ünsür: Güc kibernetikası"

Ağarın sözlərinə görə, Türkiyənin diqqət etməli olduğu əsas məqam "güc kibernetikası"dır. O, bu anlayışı aşağı şəkildə izah edir:

"Güc kibernetikası təkcə öz hərbi imkanlarını idarə etmək deyil, həm də düşmənin və rəqib ünsürlərin niyyətlərini və strateji zamanlamalarını düzgün oxumaqdır. Əsl məsələ "qərar silsiləsini kim idarə edir?" sualıdır".

Son sözü komandanlıq və nəzarət mexanizmlərini idarə edənlərin deyəcəyini söyləyən Ağar Türkiyənin qərarvermə mexanizmlərini özünün hasil etməsinin lazım olduğunu vurğulayıb.

"Türkiyə yeni paradiqma təqdim edə bilərmi?"

"Bu gün məsələ Türkiyənin tərəf tutub-tutmamasında deyil. Türkiyə insanlağın tükəndiyi bir vaxtda nizamsızlaşan dünyaya yeni konseptual istiqamət təqdim edə bilərmi? Yeni daxili və qlobal həll perspektivi inkişaf etdirə bilərmi? Əsl məsələ budur", - deyə ekspert diqqətə çatdırıb.

"İran böyük geosiyasi səhvə yol verdi"

Ağar İranın xarici siyasət strategiyasını da sərt şəkildə tənqid edib:

"İran anti-Qərb mövqeyini ticarət vasitəsinə çevirməyə çalışarkən, eyni zamanda həm Çin, həm də Qərblə flört edib və bu vəziyyət dərin ziddiyyət yaradıb.

"İran nə Qərbə qalib gələ bildi, nə də şərqdəki mühasirəni yara bildi. O, hərbi cəhətdən də hazırlıqsız idi. İsrailə qarşı xüsusi istehsal edilmiş hava gücü yoxdur. Xarici siyasətindən daxildə molla rejimini gücləndirmək üçün istifadə etdi. Bu da puç oldu".

Ekspert sonda sualla çıxış edib:

"Türkiyə öz "güc kibernetika"sını quraraq yeni bir sivilizasiyanın məqsədinə xidmət edəcək, yoxsa başqalarının planlarında reaktiv aktyor olaraq qalacaq?".

Top
0.060019016265869