kriminal.az
Okeanın dərinliyindəki sirli quruluş: Yadplanetli bazası, yoxsa təbii geoloji forma?

ABŞ-ın Cənubi Kaliforniya sahillərində, dəniz səthindən təxminən 600 metr dərinlikdə yerləşən və "Sycamore Knoll" adlandırılan sirli sualtı strukturu həm elm adamlarının, həm də konspirasiya nəzəriyyəçilərinin diqqət mərkəzinə çevrilib. Bu quruluşun təbii mənşəli olması və ya yadplanetlilər tərəfindən inşa edilmiş gizli baza olub-olmaması suallara yol açır.

Kriminal.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Sycamore Knoll" okean dibindən yuxarı qalxan, yastı səthə malik bir təpəni xatırladır. Geoloqlar və okean tədqiqatçıları bu quruluşu uzun illərdir müşahidə etsələr də, son zamanlarda yayılan peyk görüntüləri və sosial mediada artan maraq nəticəsində mövzu daha geniş yayılıb. Xüsusilə "Reddit" platformasında bu ilin əvvəlində paylaşılan bir yazı "Malibu ilə Katalina adası arasında yerləşən UNO bazası" başlığı ilə geniş maraq doğurub.

"Sycamore Knoll"un eni 4-5 kilometr arasında dəyişir və ən diqqətçəkən cəhətlərindən biri qeyri-adi dərəcədə düz olan dam səthidir. Bu xüsusiyyət, elm adamları üçün belə təbii formasiyalarda nadir görülən haldır və yaranma səbəbləri ilə bağlı suallar doğurur.

Bundan əlavə, quruluşun ön hissəsində tavanı dəstəkləyən sütunabənzər formaların yer alması, onun geoloji deyil, süni mənşəli ola biləcəyinə dair iddiaları gücləndirir. Bu səbəbdən bəzi konspirasiya nəzəriyyəçiləri bu strukturu ya yadplanetlilər, ya da Yer üzündə qədim və hələ tanınmamış inkişaf etmiş bir mədəniyyət tərəfindən inşa edilmiş sualtı baza kimi dəyərləndirirlər.

Elm ictimaiyyəti isə daha ehtiyatlı yanaşır. Onların fikrincə, belə formasiyalar tektonik fəaliyyətlərin və dəniz altında milyonlarla il davam edən eroziya proseslərinin nəticəsində də yarana bilər. Lakin bu qədər simmetrik və strukturlu görünüşün sırf təbiət hadisələri ilə izah olunması da suallar doğurur.

Hazırda "Sycamore Knoll" ilə bağlı ətraflı elmi tədqiqatların aparılması tələb olunur. Suyun dərinliyi və strukturun böyüklüyü bu işi çətinləşdirsə də, gələcəkdə müasir dənizaltı texnologiyalarla bu sahəyə dair daha dəqiq məlumatların əldə ediləcəyi gözlənilir.
 

Top
0.054934978485107