ABŞ Prezidenti Donald Tramp qərarları ilə dünyanı heyrətləndirməyə davam edir. Bu dəfə Meksika və Avropa İttifaqından (Aİ) gələn mallara 30% rüsum tətbiq etdiyini açıqlaması dünyada şok effekti yaradıb. Mexiko və Brüsselə göndərdiyi iki mesajda Ağ Evin rəhbəri bildirib ki, avqustun 1-dən etibarən Aİ ilə mövcud olan ticarət kəsirini aradan qaldırmaq üçün bu ölkələrdən gələn mallara 30% rüsum tətbiq edəcəklər. Ardınca da danışıqların davam etdirilməsinin mümkünlüyünü də istisna etməyib. Oxşar mesajı Mexikoda da alıblar. Əksəriyyət proqnoz edir ki, bu qərarın həm Avropa İttifaqının, həm də ABŞ-nin iqtisadiyyatı üçün çox böyük mənfi nəticələri olacaq. Bundan əvvəl Tramp Aİ-ni 50%-lik rüsum tətbiq etməklə hədələmişdi. Bununla belə, hətta 30%-lik tarif Aİ iqtisadiyyatı üçün çox böyük nəticələrə səbəb ola bilər.
Kriminal.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
İşgüzar aləm narahatdır
ABŞ işgüzar aləmi prezidentin məlum qərarlarından narahatdır. Onu qorxudan odur ki, iqtisadi daralma ölkəni tənəzzülə uğrada və qlobal iqtisadi artımı yavaşlada bilər. Düzdür, Tramp azalmanın sələfi Co Baydenin dövründən başladığını bildirir, lakin ekspertlər bunun idxalda görünməmiş artımla əlaqədar olduğunu söyləyirlər. Mövcud durum ondan ibarətdir ki, Trampın tətbiq etdiyi tariflər, onlara cavab olaraq ABŞ-yə qarşı atılan addımlar dünya iqtisadiyyatında böyük xaos yaradıb. ABŞ-nin analitik mərkəzləri, tanınmış alim və iqtisadçılar verilən qərarların ölkənin özünə daha çox mənfi təsir edəcəyinə dair xəbərdarlıqlarla çıxış edirlər.
Aİ-nin yeni tərəfdaşı Çin olacaq?
Trampın məktubuna Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin cavabı belə olub ki, Aİ ixracına 30% tarif tətbiq etmək Atlantik okeanın hər iki tərəfindəki biznes və istehlakçıların zərərinə olacaq, əsas transatlantik təchizat zəncirlərini sarsıdacaq. Onun sözlərinə görə, Aİ-nin maraqlarını qorumaq üçün bütün lazımi addımlar atılacaq, müvafiq cavab tədbirləri görüləcək. Əlavə edib ki, Aİ yeni ticarət tərəfdaşları da axtaracaq. Yeni ticarət tərəfdaşı dedikdə, çox güman ki, Çin nəzərdə tutulur. Bu da o deməkdir ki, Avropa Çinlə onsuz da genişlənən əməkdaşlığı daha da artıracaq. "Bild"in məlumatına görə, Almaniya Kansleri Fridrix Merts ABŞ ilə tarif danışıqlarının uğursuz olacağı barədə xəbərdarlıq edib.
Meksika Prezidenti Klaudiya Şeinbaum razılıq əldə olunacağına əminliyini ifadə edib: "Biz ABŞ hökuməti ilə hansı sahələrdə işləyə biləcəyimizi çox yaxşı bilirik. Bir məsələ var ki, o, heç vaxt danışıqlar mövzusu ola bilməz: bu da ölkəmizin suverenliyidir".
Qeyd edək ki, Tramp Aİ və Meksika ilə yanaşı, Kanada, Yaponiya və Braziliya da daxil olmaqla, 23 digər ticarət tərəfdaşına da oxşar məzmunlu məktublar göndərib. Bu məktublarda 20%-dən 50%-ə qədər dəyişən ümumi tariflər, eləcə də mis idxalına qarşı 50% rüsum tətbiqi nəzərdə tutulub.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, ABŞ-nin Aİ-yə 30 faizlik gömrük rüsumunu qəti şəkildə bəyənmir. İtaliya isə ümid edir ki, ABŞ ilə ədalətli tarif razılaşması əldə olunacaq.
Ən çox hansı ölkələr zərər görəcək?
İddialara görə, bu məsələdə daha çox itirən iki ölkə ola bilər. ABŞ-nin avtomobil, polad və dəzgahlar üçün əsas bazar olduğu Almaniya ilə birlikdə, inkişaf etmiş əczaçılıq sənayesi ilə İrlandiya ön sıralardadır. Aİ-nin ən böyük iqtisadiyyatı olan Almaniya ixraca arxalandığı üçün xüsusi təzyiq altındadır: böyük avtomobil, kimya, polad və maşınqayırma sənayeləri sayəsində ABŞ ilə 84.8 milyard dollarlıq ticarət profisiti var. "Mercedes-Benz"in gəlirinin 23%-i ABŞ-nin payına düşür. Müvafiq olaraq 44 milyard və 16.4 milyard dollar profisitlə İtaliya və Fransa daha az təsirə məruz qalacaq. Bununla belə, bəzi sektorlar ciddi təhlükə altındadır. İspaniya kimi hər iki ölkənin qida və şərab sektorları xüsusilə təsirlənəcək. 30 faizlik tarif Fransanın şərab və spirtli içkilər sektoru üçün "fəlakət" ola bilər. Almaniya kimi İtaliya da avtomobil sektorundakı vəziyyətdən narahatdır. Avstriya və İsveçin də ABŞ ilə ticarət profisiti müvafiq olaraq 13.1 milyard dollar və 9.8 milyard dollardır. İrlandiya 86.7 milyard dollarla Aİ üzvləri arasında ən böyük profisitə malikdir. Bu, əsasən "Pfizer", "Eli Lilly" və "Johnson & Johnson" kimi böyük Amerika dərman şirkətlərinin mövcudluğu ilə bağlıdır.
Dünya mediası Trampın yeni təhdidləri haqqında
ABŞ Prezidentinin həmkarlarına məktublar göndərərək yeni tarifləri elan etməsi dünya mediasında da ən çox müzakirə olunan mövzuya çevrilib. Bəzi ekspertlər Donald Trampın təşəbbüslərinə sakit yanaşır, kompromis əldə etmək üçün vaxtın olduğunu xatırladırlar. Digərləri isə əksinə, bunu Ağ Ev rəhbərinin öz tərəfdaşlarına danışıqlardan yorulduğunu və bütün hədələrini həyata keçirməyə hazır olduğunu çatdırmaq cəhdi kimi qiymətləndirir. "Financial Times" yazır ki, "ABŞ-nin iki ən yaxın müttəfiqi və ticarət tərəfdaşı üçün yeni tariflərin tətbiqi perspektivi fırtına effekti yaratdı. 30 faizlik təhdid, kompromis danışıqlarına cəmi iki həftə qalıb".
"Bloomberg" isə yazıb ki, dünya ölkələri razılaşma əldə etməyə çalışdıqca Trampın səbri tükənir: "Mesaj aydın idi: Tramp birtərəfli tariflər tətbiq etmək təhdidinə əməl edəcək. Aprel ayında bazarları tələf edəndən fərqli olaraq, daha bir tarif dalğası gəlir".
Tramp ABŞ-nin dünyadakı mövqeyini sarsıdırmı?
Ekspertlərin fikrincə, Trampın hamıya qarşı tarif aqressiyası ABŞ-nin etibarlı müttəfiq, azad dünyanın lideri kimi reputasiyasını aşağı salır. Bu, ticarət tərəfdaşları üçün deyil, ABŞ-nin özü üçün problemlər vəd edir. Kato İnstitutunun xarici ticarət üzrə eksperti Kolin Qrabou deyir: "Tramp tarif qadağasını yelləyir və ABŞ-nin dünyadakı mövqeyini sarsıdır. O, uzun müddətdir davam edən müttəfiqlərinin qəzəbinə tuş gəlir və Amerikanı son dərəcə etibarsız tərəfdaş kimi qələmə verir".
İddialara görə, Tramp sözünün üstündə durmur. O, dəfələrlə öz tarif sövdələşmələrini pozub və sabah başqa bir şeydən inciməyəcəyinə və tarifləri qaldıracağı ilə hədələməyəcəyinə zəmanət yoxdur. ABŞ-nin nüfuzu və iqtisadi itkiləri artdıqca, Trampın danışıqlarda mövqeyi hər gün zəifləyir. Bununla belə, Trampın tarif xaosunun bir səhv deyil, bir xüsusiyyət olduğunu düşünənlər var.