kriminal.az
Dünyanın ən bahalı kitabı - 52 milyon manatlıq əlyazmada nə var idi?

Elə kitablar var ki, onlar sadəcə oxunmaq üçün yazılmayıb. Onlar illərin sirrini, zamanın düşüncəsini və bir dövrün ruhunu özündə gizlədir. Bu cür əlyazmalar zaman-zaman qapalı vitrinlərdən çıxarılıb, açıq hərrac salonlarına qədər yol gedir. Onların dəyəri səhifə sayı ilə deyil, yazıldığı şəxsiyyət, toxunduğu fikirlər və daşıdığı zamanla ölçülür. Hər biri bir zaman kapsulu kimi bəşəriyyətin zehni sərvətinə çevrilir.

Kriminal.az Valyuta.az-a istinadən xəbər verir ki, bunlardan biri də, İntibah dövrünün ən böyük dahilərindən biri olan Leonardo da Vinçinin qələmindən çıxmış “Codex Leicester” adlı əlyazmadır. 

Məhz bu əlyazmanı, əsəri Bill Qeyts 30,8 milyon ABŞ dollarına (52,36 milyon manat) əldə edərək, həmin dövr üçün həm texnoloji, həm də mədəni aləmdə böyük rezonansa səbəb olmuşdu. 

“Codex Leicester” Leonardo da Vinçinin 1506–1510-cu illər arasında təbiət hadisələri, suyun dövranı, ay işığının təbiəti, yerin geoloji quruluşu və fosillərin mənşəyi kimi mövzularda apardığı müşahidə və düşüncələrinin toplandığı 72 səhifəlik əlyazmadır.

Ən maraqlı cəhətlərdən biri isə budur ki, əlyazma da Vinçinin özünəməxsus güzgü yazı texnikası ilə yazılıb, yəni onu yanlız güzgü vasitəsilə oxumaq mümkündür. Bu, onun şəxsi qeydlərinin başqaları tərəfindən rahatlıqla oxunmaması üçün istifadə etdiyi üsullardan biri hesab olunur.

Bill Qeyts bu nadir əsəri aldıqdan sonra onu şəxsi kolleksiyasında gizli saxlamayıb. Əksinə, səhifələri rəqəmsallaşdıraraq ictimaiyyətə açıq şəkildə təqdim edib və dünyanın bir çox muzeylərində sərgilənməsini təmin edib. Onun məqsədi bu bəşəri irsin yalnız varlı şəxslərə deyil, bütün dünyaya aid olduğunu göstərmək idi. Qeyts bir çıxışında deyirdi: “Leonardo da Vinçinin qeydləri insan zehninin neçə əsr əvvəl belə nələrə qadir olduğunu göstərir. Bu kitab elm və yaradıcı düşüncə üçün bir ilham mənbəyidir”.

Əsərin adı isə onun əvvəlki sahibi ilə əlaqələndirilir.18-ci əsrdə “Codex Leicester” İngiltərədə Leicester qrafına məxsus olduğuna görə bu adla tanınmağa başlayıb. Müxtəlif dövrlərdə fərqli kolleksiyaçılar tərəfindən qorunmuş bu əlyazma nəhayət Bill Qeytsin əlinə keçərək rəqəmsal dövrə qədəm qoyub.

Top
0.058912992477417