Amerika Birləşmiş Ştatları Suriyadakı iki hərbi bazasını bağlayıb və daha birini kürdlərin Suriya Demokratik Qüvvələrinə təhvil verib.
Kriminal.az xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsi Əl Ərəbiyyə telekanalına müsahibəsində bildirib.
"Suriyadan 500-ə yaxın Amerika hərbçisi çıxarılıb. İki baza bağlanıb, biri isə Suriya Demokratik Qüvvələrinə təhvil verilib. Amerika qoşunlarının birləşdirilməsi təhlükəsiz və düşünülmüş şəkildə həyata keçirilir".
Telekanalın məlumatına görə, kürd qüvvələri Missiyaya Dəstək Sahəsi Fərat bazasına nəzarəti ələ keçirib. Bağlanan obyektlər arasında “Yaşıl kənd” bazası da qeyd olunub. İkinci bağlanan obyektin adı açıqlanmır.
ABŞ qoşunları 2015-ci ildən Suriyanın şimal-şərqində mövcuddur. 2015-2018-ci illər arasında ABŞ Hələb, Deyr əz-Zor, Rakka, Həsəkə əyalətləri və Ət-Tənf sərhəd bölgəsi də daxil olmaqla kürd qüvvələrinin nəzarətində olan ərazilərdə doqquz hərbi baza və üç forpost yaradıb. Əvvəllər bu obyektlərdə təxminən 2200 amerikalı əsgər yerləşirdi.
Həmidə İbrahimova