Mayın 21-də Türkiyə kəşfiyyatı (MİT), polis və prokurorların birgə keçirdiyi əməliyyat nəticəsində 7 Çin vətəndaşı həbs edilib. Mətbuatda yayılan xəbərlərə görə, İstanbul, İzmir, Manisa, Balıkesir və Bursada keçirilən əməliyyatlar zamanı saxlanılan şəxslər baza stansiyaları qurub, saxta dövlət sənədlərindən istifadə edərək dövlət işçiləri və uyğurlar haqqında məlumat toplayıblar.
Kriminal.az xəbər verir ki, saxlanılan 7 nəfərdən hissə-hissə Türkiyəyə gətirilən texnoloji avadanlıq və izləmə cihazları götürülüb. Onların uyğurların şəxsi və əlaqə məlumatlarını toplamaq üçün istifadə edildiyi güman edilir.
Son illər “casuslar şəhəri”nə çevrilən İstanbul vaxtaşırı xarici casus şəbəkələrinin ifşası səhnəsinə çevrilir. Bu ölkələrə İran, İsrail və BƏƏ daxildir.
Əvvəlcə qeyd edək ki, Çinin uyğurları izləməsi yeni bir şey deyil. Çin Türkiyədə gizlənən uyğur fəallarını Sincan-Uyğur Muxtar Bölgəsində sabitliyi pozmağa çalışmaqda ittiham edir. Bu səbəbdən Türkiyə ilə Çin arasında əvvəllər də diplomatik qalmaqallar yaranıb.
Amma hazırkı əməliyyat həm də Suriyadakı proseslərlə əlaqəsi ola biləcəyi üçün diqqət çəkib. Məsələ burasındadır ki, bir gün əvvəl, mayın 20-də Türkiyə mətbuatı Suriyada fəaliyyət göstərən uyğur cihadçı “İslam Türküstan Partiyası” (İTP) qruplaşmasının özünü ləğv edərək yeni adla – 88-ci diviziya ilə Suriya Müdafiə Nazirliyinin komandanlığına verilməsi ilə bağlı xəbər yayıb.
Suriya vətəndaş müharibəsinin ilk illərində yaranan İTP illərdir İdlibdə Bəşər Əsəd ordusuna qarşı döyüşüb. 15.000-ə qədər döyüşçüsü olan qrup ən güclü cihadçı qüvvələrdən biri hesab olunurdu və uyğurların Suriyada hətta öz yaşayış məntəqələri var idi.
Bəşər Əsədin devrilməsindən sonra uyğurlar da daxil olmaqla xarici cihadçıların taleyi sual altında idi. KİV-in məlumatına görə, mayın 14-də Ər-Riyadda Suriya prezidenti Əhməd əl-Şara ilə görüşdə Donald Tramp xarici cihadçıların Suriyadan çıxarılmasını tələb edib. Bunun əvəzinə, əl-Şaraa onları Suriya ordusuna inteqrasiya etmək qərarına gəldiyi görünür.
Lakin çox güman ki, Türkiyə və Qərb kəşfiyyatında Çinin uyğurları izləməsi ilə bağlı artıq məlumat var idi. Buna cavab olaraq, Türkiyədə uyğurları izləyən Çin agentləri həbs edilib. Yeri gəlmişkən, mayın 20-də Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın gözlənilmədən Dəməşqə səfər edib və orada prezident, xarici işlər naziri və kəşfiyyat rəhbəri ilə görüşlər keçirib. Çox güman ki, həbs qərarı orada verilib.
Miri
Kriminal.az