kriminal.az
Sahibkarlığın İnkişafı Fondunun xalis mənfəəti artıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 2024-cü ili 47,314 milyon manat xalis mənfəətlə başa vurub.

Kriminal.az Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 3,8 dəfə çoxdur.

Ötən il SİF-in əsas əməliyyat (faiz) gəlirləri 27,505 milyon manat (əvvəlki ilə nisbətən 35,2 % çox), digər (qeyri-faiz) əməliyyat gəlirləri 182 min manat (2,4 dəfə az), ehtimal olunan kredit zərərlərinin bərpası üzrə gəlirləri 31,806 milyon manat (18 dəfə çox), əməliyyat xərcləri 8,111 milyon manat (9 % çox), mənfəət vergisi ödəmələri isə 4,068 milyon manat (56,2 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə SİF-in aktivləri 1 milyard 57,388 milyon manat olub ki, bu da illik müqayisədə 4,5 % çoxdur. Bunun 679,196 milyon manatı kredit təşkilatlarına verilmiş borclardır. Ötən il Fondun kredit portfeli 0,2 % kiçilib.

Hesabat dövründə SİF-in öhdəlikləri 1 263,3 dəfə artaraq 1 milyard 57,388 min manata, o cümlədən dövlət subsidiyaları üzrə öhdəlikləri 23,2 % azalaraq 634 min manata düşüb, balans kapitalı isə 100 % azalıb.

Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.

Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərmana sasən, SİF və İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu yaradılıb. Dövlət başçısı 23 dekabr 2024-cü il tarixində isə yeni fondun fəaliyyətinin təmin edilməsi, bununla bağlı bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Fondun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiq edilib.

Top
0.053708076477051